Kreditlə satılan mənzilin ƏDV-sinin əsas borca yönləndirilməsi tələbi qanunidirmi?
21-06-2024, 16:58
Məlum olduğu kimi, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsi vətəndaşlara geri qaytarılır. Vergi Məcəlləsində bu barədə müdəa da öz əksini tapıb. Belə ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi alıcıya geri qaytarılır. Vətəndaşlar istəklərinə uyğun olaraq onların hesabına geri ödənilən həmin vəsaitdən yararlana bilərlər. Lakin bəzi MTK və tikinti şirkətləri kreditlə satdığı mənzillərə görə geri qaytarılan ƏDV-ni əsas borcdan silinməsi üçün müştərilərdən ödəmələrini tələb edirlər.
Bu barədə İqtisadiyyat.az-a “Kristal-Abşeron” tikinti şirkətindən kreditlə mənzil alan bir qrup şəxs məlumat verib.
Onlar deyir ki, şirkət kreditlə mənzil alan müştərilərə geri qaytarılan ƏDV hissəsini də əsas borca yönəltmələri ilə əlaqədar tələb irəli sürür. Qeyd olunur ki, müştərilər kredit şərtləri əsasında mənzil alan zaman şirkətin təmsilçiləri geri qaytarılan ƏDV-nin də əsas borcdan silinməsi üçün onlardan ödəniş etmələrini tələb edirlər. ƏDV-nin əsas borca yönləndirilməsi ilə bağlı məsələ həm bağlanmış müqavilədə və həm də təqdim olunmuş digər yazılı sənədlərdə öz əksini tapmasa da, tələb şifahi formada müştərilər qarşısında irəli sürülür.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bəzi böyük yaşayış komplekslərinin kreditlə satdığı mənzillərə görə geri qaytarılan ƏDV-ni əsas borcdan silinməsi üçün müştərilərdən ödəmələrini tələb etmələrinin heç bir hüquqi əsası yoxdur.
Onun sözlərinə görə, həmin təşkilat pulunu tez alması, borcu azaltması üçün sadəcə arzularını ifadə edə bilər. İqtisadçı söyləyib ki, ƏDV-nin əsas borcdan silinməyə yönəldilməsi vətəndaşın istəyindən asılıdır:
“Ümumiyyətlə, ƏDV-nin geri qaytarılmadığı hallar var və onun müəyyən qaydası mövcuddur. Birincisi, ƏDV-ni ilkin tikinti bazarından geri almaq mümkündür. Yəni vətəndaşlar təkrar satışa çıxarlan mənzillərdən “ƏDV geri al” layihəsindən yararlana bilmirlər. Məsələn, MTK-nın biri yaşayış binasını tikərək hər hansı digər MTK-ya satır və daha sonra ikinci MTK həmin mənzilləri təkrar satışa çıxararaq vətəndaşlara “ikinci əl” kimi tədqim edir, bununla da istehlakçıları “ƏDV geri al” layihəsindən məhrum etmiş olurlar. Qanun və qaydalar deyir ki, ilkin tikəndən ƏDV-ni geri almaq mümkündür. İkinci mühüm şərt isə ödənişin nağd deyil, köçürülmə yolu ilə olmasıdır. Yəni ödəniş nağdsız qaydada həyata keçirilməlidir. Nağdsız hesablaşmalar haqqında qanunda bu barədə ətraflı məlumat qeyd olunub”.
İqtisadçı bildirib ki, növbəti qayda mənzil satan şəxsdən elektron qaimənin alınmasıdır: “Bunun üçün vergilərin https://new.e-taxes.gov.az/etaxes/ elektron portalında özünüzə şəxsi kabinet açmalısınız. O kabinet üzərindən tikinti şirkəti sizə elektron qaimə göndərməlidir və bu elektron qaimə əsasında borcun əsas hissəsini MTK-nın cari hesabına, ƏDV hissəsini isə MTK-nın ƏDV hesabına mütləq şəkildə ödəməlisiniz. Ödəniş həyata keçirildikdən sonra 90 gün müddətində vətəndaş həmin elektron portal vasitəsilə ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün müraciət edə bilər. Bu müddəti keçdikdə sizin artıq hüququnuz itirilmiş olur. Bu dediklərimin hamısını ardıcıl etdikdən sonra bir ay ərzində hesabınız yoxlanılır və ƏDV hesabınıza geri qaytarılır. Pulun mənbəyi “ƏDV geri al” üçün əhəmiyyətli deyil. Siz bankdan kredit götürməklə də bu əməliyyatı edə bilərsiziniz və dərhal ƏDV hesabınıza geri qayıdacaq. Amma burada diqqət yetirməli bir məqam var. Əgər siz bank olmadan MTK ilə birbaşa hissəvi ödənişlə razılaşmısınızsa, bu halda ƏDV geri al tam olaraq hesabınıza geri qayıdır. Amma qaydalar deyir ki, MTK-nın müəyyən müddətli daxili kreditlərindən yararlanmısınızsa, borc tam bağlandıqdan sonra ƏDV geri al üzrə müraciət oluna bilər. Burada bank, kredit borcundan söhbət getmir”.
Qeyd edək ki, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı Dövlət Vergi Xidməti (DVX) tərəfindən həyata keçirilən layihə davam etdirilir. 2022-ci ilin noyabrından 2024-cü il iyunun 1-dək müvafiq portal üzərindən ümumilikdə 15.897 müraciət daxil olub ki, həmin müraciətlərdən 8.363-ü üzrə 33,5 mln. manat vəsaitin ödənilməsi təmin edilib. Təkcə bu ilin 5 ayı ərzində isə vətəndaşlar layihə çərçivəsinə 2.522 müraciət ünvanlayıblar. Bu müraciətlərdən 1.532-i üzrə 7,6 mln. manat vəsaitin ödənilməsi təmin edilib, müvafiq qaydaların tələblərinə əsasən 898 müraciət üzrə ödənişdən imtina olunub.