Sərnişindaşımada yay rejimi: intervallar da, narazılıq da artır - Açıqlama
28-06-2024, 12:04
Metro və avtobusların yay rejiminə keçməsiylə əlaqədar intervalların uzanması sərnişinlərin narazılığına səbəb olub. Avtobus sayının onsuz da az olduğu şəraitdə, yay rejiminə keçidlə əlaqdəar sərnişinlər mənzil başına daha gec çatırlar.
Bəs, problem necə çözülməlidir?
Bakupost.az bununla bağlı nəqliyyat ekspertlərinə sorğu ünvanlayıb.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı avtobusların yay rejiminə dövlət qurumlarının nəzarəti altında keçdiyini bildirib:
“Ola bilsin ki, müxtəlif marşurutlar üzrə sərnişin sayı azalıb, avtobusların da sayını azalddırlar. Bu, bu istənilən halda dövlət qurumunun nəzarəti altında həyata keçirilir. Daşıyıcı şirkət bunu özbaşına, əsaslandırılmamış formada etməməlidir. Edirsə də, bunun bir məsuliyyəti olmalıdır. Bu istiqamətdə hansısa ciddi arqument yoxdur və olduğu halda AYNA buna müdaxilə etməlidir”.
Ekspertin sözlərinə görə, Bakı şəhərinin 2600-ü gündəlik istifadə olunmaq şərti ilə 2800 avtobus lazımdır:
“Hazırda isə Bakıda heç 2 min avtobusu xəttə buraxa bilmirlər. Yəni o dərəcədə zəif göstəriciyə malikik. Ona görə hesab etmirəm ki, avtobusların sayı artıqdır və bunu azaldırlar. Əksinə bizə hazırda xeyli sayda avtobus lazımdır”.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bu məsələnin yenidən tənzimlənməsinə ehtiyac olduğunu bildirib. O, Bakıda metro və avtobuslardan təkcə tələbələrin istifadə etmədiyini bildirib:
“Düşünürəm ki, buna yenidən baxmayağa ehtiyac var. Düzdü, çalışırlar ki, resurslara qənaət etsinlər, çünki bizdə ictimai nəqliyyatın bütün növləri gəlirsiz işləyir. Bu, avtobus və metroya aiddir. Bakı həm də tez-tez turistlərin qonaq olduğu şəhərdir, yay rejiminə keçəndə intervallar böyüyur və belə olan halda turistlər də əziyyət çəkə bilərlər. Yəni Bakıda avtobusdan istifadə edənlər təkcə tələbələr deyil. Ona görə hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır”.