İmtahandan 2 alanlar: Azərbaycanın bölgələrində müəllim böhran gözlənilirmi?
1-07-2024, 16:54
Ekspertlər hesab edir ki, narazılıqlar və problemlər yaratsa belə, Azərbaycan təhsil sistemi savadsız müəllimlərdən xilas olmalıdır.
Sertifikasiya imtahanından kəsilən müəllimlərin çoxunun bölgələrin payına düşməsi müəllim çatışmazlığı yaranacağı ilə bağlı suallar yaradıb. Elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, "Astarada hər üç müəllimdən biri ilə sağollaşmalı olacağıq".
Nazir qeyd edib ki, həmin rayon üzrə zəif nəticə çoxdur. Builki sertifikasiya imtahanlarında 0-29 bal aralığında ibtidai sinif fənni üzrə ən aşağı orta balı toplayan bölgələr üzrə siyahıda ilk yerdə Astara rayonundakı müəllimlər dayanır. Siyahı üzrə Azərbaycan dili və ədəbiyyat fənnindən isə 0-29 bal aralığında orta balı ən aşağı olan Tərtər, Bərdə, Daşkəsən rayonundan olan müəllimlər olublar:
"Riyaziyyat fənnindən ən aşağı orta balı toplayan müəllimlər Gədəbəy, Göygöl, Ağcabədi bölgələrindən olublar. Xarici dil fənni üzrə isə ən aşağı orta balı toplayan müəllimlər Ağcabədi, Astara, Lerik rayonundandırlar".
Emin Əmrullayevin sözlərinə görə, növbəti illərdə sistemə 20 faiz yeni müəllimin gələcəyi gözlənilir. Onlar da sertifikatlaşdırmadan yüksək nəticə göstərən müəllimlər olacaqlar.
Bəs görəsən MİQ imtahanlarında yüksək bal toplamış müəllimlər rayon və kənd yerlərində işləyəcəklərmi? Hazırki situasiya göstərir ki, bölgələrdə xüsusilə fənn müəllimlərinin ciddi çatışmazlığı mövcuddur.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsinə görə, ökənin bəzi ucqar kənd və qəsəbələrində yerləşən orta ümumtəhsil məktəblərində kadr çatışmazlığı müşahidə edilməkdədir. Hesabatda qeyd edilib ki, bölgələrdə ixtisaslı müəllimlər öz fənləri ilə yanaşı, ehtiyac olduğu təqdirdə digər fənləri də tədris edirlər ki, bu da təhsilin keyfiyyətinın aşağı düşməsinə, eyni zamanda şagird və valideynlərin ciddi narazılığına səbəb olur.
Elm və Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, MİQ-lə hər il kifayət qədər müəllim sənəd verir və kadr çatışmazlığı yoxdur.
"Əgər kimsə çıxarılırsa, hansısa məktəblərdə müəllim sıxlığı olanda həmin yer vakanta çıxarılmır, dərs saatları digər müəllimlər arasında bölüşdürülür. Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində işdən ayrılan müəllimlər müsabiqədə yüksək nəticə göstərmiş müəllimlərlə əvəz olunur. Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində yaranmış vakant saatlar müəllim sıxlığı müşahidə olunan müəssisələrdə həmin müəssisənin müəllimləri arasında bölünür və nəticədə müəssisə üzrə orta dərs yükü artır"cavabda bildirilib.
Təhsil üzrə ekspert Elçin Əfəndi isə Sputnik Azərbaycan-a bildirib ki, sertifikasiyadan keçə bilməyən müəllimlərlə əmək müqaviləsinə xitam verilməsi düzgün qərardır. Bölgələrdə sertifikasiyadan kəsilmiş müəllimlərin boşalan yerlərini MİQ imtahanından keçən müəllimlər tutacaq.
"Düzdür, istisna hallar var ki, hər il keçirilən müsabiqədə bəzi bölgələrdə vakant yerlər olsa da, namizədlər o yerləri seçmirdilər. Burada problemin həlli üçün aidiyyatı qurumlar müəyyən həvəsləndirici tədbirlər həyata keçirməlidirlər. Kənd məktəblərində kirayə pulunun və kommunal haqqın ödənilməsi ilə stimullaşdırıcı tədbirlər görmək olar. Hətta belə müəllimlərin torpaq sahəsi ilə təminatı və digər sosial stimullaşdırıcı tədbirlər görülə bilər. Çünki, müəllimlərin ucqar dağ kəndlərində işləməməsinin səbəbi maddiyyatla bağlıdır. Ona görə də Elm və Təhsil Nazirliyinin bu istiqamətdə sosial-iqtisadi proqramı olmalıdır ki, fənn müəllimlərini bölgələrdə işə cəlb etmək mümkün olsun" - Elçin Əfəndi bildirib.
O əlavə edib ki, bir fənn müəlliminin bir neçə fənni tədris etməsi sadəcə, həmin dərs saatlarının boş qalmamasını təmin edir. Amma həmin fənlər üzrə şagirdlərə keyfiyyətli təhsil verilmir.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov isə Sputnik Azərbaycan-a bildirib ki, sertifikasiyanın nəticələri məktəblərdə müəllimlərlə bağlı müəyyən çatışmazlığın olduğunu təsdiqlədi:
"Sertifikasiyadan əvvəl də biz bilirdik ki, məktəblərdə çalışan müəllimlərin biliyi ilə bağlı müəyyən problemlər var. Amma sertifikasiya bununla bağlı bizim əlimizə data vermiş oldu".
İ.Orucov bildirib ki, narazılıqlar və problemlər yaratsa belə Azərbaycan təhsil sistemi savadsız müəllimlərdən xilas olmalıdır. O, tədricən ən ucqar kəndlərdə belə savadsız müəllimlərin yerini sertifikasiyadan uğurla keçmiş müəllimlərin tutacağına ümid bəslədiyini söyləyib.