Kilosu 4 manata gətirilən, 21 manata satılan kolbasa... - HANSI ƏTDƏN HAZIRLANIB?

1-07-2024, 16:44           
Kilosu 4 manata gətirilən, 21 manata satılan kolbasa... - HANSI ƏTDƏN HAZIRLANIB?
Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 823,6 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar və analoji məhsullar idxal edilib. İdxal olunan kolbasanın 1 kiloqramının orta gömrük dəyəri 2,9 dollar (4,9 manat) olub. Qeyd edək ki, idxal olunan kolbasanın 82%-i və ya 1 450 tonu Rusiyadan gətirilib. Rusiyadan idxal olunan kolbasanın 1 kiloqramının orta gömrük dəyəri isə 2,4 dollar (4,1 manat) olub.

Xaricdən idxal olunan kolbasaların 1 kiloqramının orta satış qiyməti marketlərdə 20-21 manat arasında dəyişir. Yəni idxal olunan kolbasalar marketlərdə gömrük dəyərindən 4 dəfə baha satılır.

Mövzu ilə bağlı Publika.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, yerli məhsullar bütün hallarda xarici məhsullardan üstündür. O əlavə edib ki, buna görə də əhali əsasən yerli məhsullara üstünlük verməlidir:

“Məhsulların istehsalçıdan istehlakçıya çatdırılmasında xüsusi rol oynayan marketlər şəbəkəsidir. Onlar malı satmaq üçün sahibkar və təchizatçılara külli miqdarda pul verirlər. Bu pullar da həmin məhsulların üzərinə gəlir. Bununla yanaşı, mağazanın öz faizi, satılan maldan əldə olan gəlirin faizi də məhsulun qiymətinə əlavə edilir. Mağazada keçirilən aksiyalar müxtəlif məhsulların qiymətinə təsir edir. Belə hallar çoxdur. Təəssüf ki, ölkədə marketlər üçün heç bir qayda yoxdur. Qonşu ölkələrin hər birində mağazaların öz qayda-qanunları var. Bizdə isə yoxdur. Mağazalarda olan qiymətlər sürətlə artır. Bu işə nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə heç bir iş görmür”.

E.Hüseynov diqqətə çatdırıb ki, ölkədə istehlakçı siyasəti ilə biznes inkişafı siyasəti uzlaşmır:

“Birtərəfli siyasət var: biznesi inkişaf etdirmək. İstehlakçı hüquqlarının qorunması isə yox səviyyəsindədir. Bütün bu işlərin kökü qanunlarda dayanır. Bu sahədə qanun isə zəifdir. İstehlakçı siyasəti formalaşmalı, qiymətə nəzarət edən dövlət orqanı fəal işləməlidir. Bunlar olmadığına görə, belə anormal vəziyyətlər baş verir. Vətəndaşların çoxu xaricdən, xüsusən də Rusiyadan gətirilən kolbasa və sosiskalara üstünlük verir. Bu, tamamilə səhvdir. Azərbaycanda hazırlanan kolbasaların qiyməti ətin qiymətinə uyğunlaşır. O cümlədən, kolbasa məhsulları üçün Brazilyadan Azərbaycana çox təmiz ət gətirilir. Yerli kolbasa istehsalçıları bu ətdən istifadə etdikləri üçün qiymət daha münasib olur. Rusiyadan gətirilən məhsullarda isə süni qiymət artımı müşahidə edilir. Bunu edənlər isə sahibkar və market sahibləridir. Hazırda elə siyasət aparılır ki, guya yerli biznes qorunur, amma bu, tam əksidir. Bizim səhv istehsalçı siyasətimiz Rusiyanı stimullaşdırır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.