Taksilərə "sərt" məhdudiyyətlər olduğu vaxtda... - ictimai nəqliyyatın qiymətinə "yaşıl işıq" yandırıldı...

1-07-2024, 18:36           
Taksilərə "sərt" məhdudiyyətlər olduğu vaxtda... - ictimai nəqliyyatın qiymətinə "yaşıl işıq" yandırıldı...
Erkən Parlament Seçkilərinin elan edildiyi vaxtdan bir neçə gün sonra Tarif Şurası dünən - bazar günü axşamı ictimai nəqliyyatın və benzinin qiymətini qəfil 10 faiz artırdı. Bundan sonra metro və şəhərdaxili hərəkət edən avtobuslarda gediş haqqı 50 qəpik olacaq. Bakı-Sumqayıt avtobus marşrutlarında isə gedişhaqqı 70 qəpik olub.
İnkişaf etmiş bir çox xarici ölkələrin təcrübəsindən bizə aydın olur ki, ölkədə baş tutacaq siyasi tədbirlər - seçkilər, qlobal konfranslar və sair zamanı ictimaiyyətdə qıcıq doğuracaq, narazılıq yaradacaq iqtisadi-siyasi addımlar atılmır. Amma dünəndən etibarən Azərbaycanda bunun tam əksini gördük: seçkiöncəsi nəqliyyatda gedişhaqları qəfil bir qərarla 10 qəpik bahalaşdı. Sosial şəbəkələrdə isə insanlar bu qərara od püskürür. Qərarı qəbul edən qurumun rəhbərliyinin ictimai nəqliyyatdan istifadə edib-etməməsi ayrı bir mövzunun sualıdır...

Nəqliyyatda qiymət artımını zəruri edən səbəblər nə idi?
Qəfil belə bir qərara gedilməsi nə ilə bağlıdır?
Taksilərə sərt məhdudiyyət gətirildi, indi də metro və avtobus qiymətləri on faiz qaldırıldı. Bəs nəqliyyatın səmərəliyi və əlçatanlığı yönündən bu, nə dərəcədə uyğun bir qərar oldu?
ReAL Partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli Bizimyol.info xəbər portalının suallarını şərh edib.

"Təbii ki, taksi xidmətində sərt məhdudiyyətlərin və tənzimləmənin gətirilməsi ilə paralel olaraq bu addımların atılması, yumşaq desək, uyğunsuzluq yaradır. Çünki taksi xidməti ilə bağlı belə sərt tənzimləmə addımları atılarkən, rəsmi şəxslər "ictimai nəqliyyatdan daha çox istifadə edin" tezisini irəli sürürdülər ki, Bakıda tıxaclar olmasın və sair. İndi paralel olaraq ictimai nəqliyyatın da qiymətinin qalxması ilə həm taksi xidmətlərinin qiyməti qalxmış oldu. Hansı ki indi taksilərin qiyməti iki dəfədən çox artıb. İndi nəqliyyatda da qiymət artımının nəzərə çarpacaq dərəcədə olması kifayət qədər ciddi suallar yaradır.

Nəqliyyatda gediş haqqını başqa cür tənzimləməyə ehtiyac var. Biz dəfələrlə bunun təkliflərini vermişik ki, nəqliyyatda gedişhaqqı birdəfəlik gedişhaqqı kimi hesablanmamalıdır. Bu, doğru deyil. Saatlıq, günlük, həftəlik, aylıq, altı aylıq gediş kartları olmalıdır. Nə qədər uzunmüddətli gediş kartı alırsansa, bir o qədər də ucuz istifadə etməlisən. Bir gediş 50 qəpik ola bilər, amma o, turistlər və nəqliyyatdan az-az istifadə edənlər üçün olmalıdır. Təqaüdçülər, tələbələr və başqa şəxslər - bir illik kart alsalar, onların qiyməti daha ucuz olmalıdır. Yəni bu, belə tənzimlənməlidir. Ancaq biz, təəssüf ki, bunu görmürük" - deyə, ekspert qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.