Taksi fəaliyyətində "yeni" dövr: - verilən sifarişə "köhnə" maşınlar gəlir
3-07-2024, 00:11
İyulun 1-dən taksi fəaliyyəti ilə bağlı yeni tələblər işə düşüb. Hər şeydən əvvəl yaşı 8 ildən çox olmayan nəqliyyat vasitələri bu məqsədlə yola çıxa bilər. Buna qədər tələbləri yerinə yetirmiş yaşı 15 ilə qədər olan avtomobillərə də taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilir. Əlbəttə, buraxılış icazəsi və kartının alınması da vacib şərtdir.
Bizimyol.info xəbər verir ki, taksi fəaliyyəti ilə bağlı yeni tələblər bu sektorda nəzərəçarpan dəyişikliklərə səbəb olub. Qiymətlərin yüksəlməsi gözlənilən idi və artıq baş verib. Təxminən iki dəfə artımdan söhbət gedir.
İkinci dəyişiklik avtomobil qıtlığıdır. Bunu da gözləmək olardı. Çünki nəinki minlərlə, onminlərlə nəqliyyat vasitəsi taksi xidməti göstərməkdən məhrum qalıb. Buna görə də taksi sifariş etmisinizsə, bəzən yarım saat gözləmək lazım gəlir.
Üçüncü dəyişiklik maşın bazarında durğunluq yaranmasıdır. Köhnə avtomobillərin qiyməti aşağı düşsə də, satış yox dərəcəsindədir. Çünki bazarda bu kateqoriyadan olan nəqliyyat vasitələrinin payı çox artıb. “Prius”lar xeyli ucuz təklif olunmağa başlayıb. Çünki taksi fəaliyyəti ilə əsasən bu maşınların sürücüləri məşğul olurdu.
Sosial platformalarda taksilərin yarıtmaz fəaliyyəti ilə bağlı əvvəllər çox yazılırdı. Sanki indi sosial media istifadəçilərinin həmin günlərlə bağlı peşmanlığı var. Çünki qiymətlər xeyli artıb. Məsələn, 4 manatlıq məsafə üçün indi 8-10 manat ödəmək lazım gəlir. Üstəlik, taksi tapmaq müşkülə çevrilib.
Sosial media istifadəçilərinin yazdıqlarından belə anlaşılır ki, köhnə “Prius”lar hələ də işləyir. Sürücülər müxtəlif hiylələrə əl atırlar. Adətən, tanışlarının yaşı çox olmayan avtomobilləri ilə qeydiyyatdan keçirlər, sifarişə isə “Prius”la gəlirlər. Təkcə bu maşınlar deyil. Sifarişə başqa markalı nəqliyyat vasitələri ilə gələnlər də var.
Daha bir hiylə sifarişlərin rəsmi ləğv olunmasıdır. Sürücü təyin olunan yerə gəlir, müştəridən xahiş edir ki, sifariş ləğv olunsun, gedişlə bağlı narahatlığa isə əsas yoxdur. Yəni müştərini ünvana aparır, amma şirkətə heç bir haqq ödəmir.
Taksi fəaliyyətinin belə tezliklə tənzimlənəcəyi çətin görünməyə başlayıb. İlk gündən problemlər qabarır. Həm də şərtlər müştərilərə sərfəli görünmür. Yeni tələblər üzərində bir daha işləməyə ehtiyac var.