Taksilər azalıb, qiymət qalxıb, sərnişinlər isə... - “35 dərəcə istidə kondisionersiz getmişik”

3-07-2024, 00:08           
 Taksilər azalıb, qiymət qalxıb, sərnişinlər isə... -
Bildiyimiz kimi iyul ayının 1-dən etibarən taksilər lisenziyalaşdırılır. Nəticədə taksilərin sayında azalma halları müşahidə olunur. Bu da avtobus dayanacaqlarında insanların kütləvi şəkildə toplaşmasına, izdiham yaratmasına səbəb olub. Taksidən istifadə edən əksər sərnişinlər isə etiraz əlaməti olaraq qiymət artımının keyfiyyətə heç bir təsir etmədiyini bildirir.

“3 manatlıq yol olub, 7 manat. Başa düşdük, bu qərardır, hörmətlə qarşılayırıq. Bəs demişdilər ki, səliqəli maşınlar fəaliyyət göstərəcək. 35 dərəcə istidə kondisionersiz taksidə getmişəm. Yaxşı, bəs belə olan halda günah kimdədir?” deyə şikayətçi bildirib.

Dayanacaqda taksi gözləyən əksər sərnişinlər isə avtomobillərin natəmizliyindən şikayətlənib.

“Cibimizdən kəsib taksilərə pul ödəyirik. Amma keyfiyyət gözlənilən kimi olmadı. Taksilər toz-torpaq içindədir. Nəfəsimizə dolur. Hələ üstəlik icazə alıb siqaret çəkmək istəyənlər də olur” deyə daha bir şikayətçi bildirib.

Moderator.az-a açıqlama verən iqtisadçı eksper Xalid Kərimli bildirib ki, artıq taksi standartlarının tətbiqinə başlanılıb.

“O taksilərə lisenziya verilir ki, onun istismar müddəti 15 ili keçməyib, video registır, post terminalı var. Bu məqam ona gətirib çıxarır ki, avtomobillər baxımlı və avadanlıqlı olsun. Taksilərin sayı niyə çox olurdu? Ucuz, istismar müddəti 15 ili keçmiş maşınlar burada əksəriyyət təşkil edirdi. Bu qaydaların tətbiqi taksinin sayını aşağı salıb. Həm daha keyfiyyətli maşınlar qalıb, həm də taksi sayı aşağı düşüb. Taksi sayının aşağı düşməsi qiyməti artıracaq. Əgər vətəndaş şikayət edirsə, o daha baha taksi pulu ödəyib getməlidir ya da ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidir. Taksi həqiqətən də lüks qiymətdir. Dünyanın hər yerində taksi çox bahadır, bizdə çox ucuz idi. Şəhərdəki tıxacların bir çoxu da məhz taksilərin çoxluğu ilə izah olunurdu. 80-90 min taksi şəhərdə o başa, bu başa gedib-gəlirdi. İndi sayının aşağı salıblar və daha çox ekoloji baxımdan təmiz olanlar qalıb” deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.