2 il əvvəl Ukraynadan qaçqın kimi Azərbaycana gəldi, avtomobilinə 4,8 min dollar cərimə yazıldığı üçün indi ölkədən çıxa bilmir – ŞİKAYƏT / FOTOLAR
3-07-2024, 12:14
Hazırda Azərbaycanda yaşayan Ukrayna vətəndaşı Həsənov Eldəniz Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Ukrayna-Rusiya müharibəsinə görə ailəsi ilə birlikdə ölkəmizə qaçqın kimi gəlib. Ölkəmizdə olduğu müddət ərzində özü ilə birgə gətirdiyi avtomobilinə 4,8 min dollar yol vergisi yazılıb ki, hazırda ödəmək imkanı yoxdur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən, dövlətin ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər yol vergisinin ödəyiciləridir.
“Mən, Həsənov Eldəniz Əli oğlu, yazaraq diqqətə çatdırmaq istəyirəm ki, 2022-ci ildə oktyabrın axırları Ukraynadan qaqçın kimi Azərbaycana gəldik, il yarımdır buradayıq. Ukrayndan özümə məxsus yük maşını ilə çıxmışdım. Təəssüf ki, Azərbaycanda maşınıma “ştraf” qoyublar. Guya ki, günə 15 dollardan cərimə ödəməliyəm.
Mayın 6-da Azərbaycanı tərk etmək istəyirdik, ölkədən buraxmadılar. Dedilər ki, 4 min 8 yüz dollar həcmində cəriməni ödədikdən sonra Azərbaycandan çıxa bilərsiniz.
Deyirlər, yük maşınıdır. Nə olsun? Mən yük gətirməmişəm, ailəmlə qaçqın kimi məcburi gəlmişik. Gərək özümüz çıxıb, maşını orada qoyardıq? Fərqi nədir, yük maşınıdr, ya sərnişin, qaçqınıq, öz dərdimiz özümüzə bəsdir. Qaçqınlıq statusuna görə güzəşt yoxdur?”
Heç bir gəlir yerinin olmadığını qeyd edən vətəndaş hazırda ailəsi ilə birlikdə çətinlik çəkdiyini vurğulayır: “Dövlət Gömrük Komitəsinə vəziyyəti izah etdik, dedilər ki, cəriməni ödəməlisiniz. Miqrasiyaya zəng etdim, bu işə baxmadıqlarını bildirdilər. Ukrayna Konsulluğuna müraciət etdim, baxacaqlarını dedilər. 1 ay keçib, qapımı döyən yoxdur.
İstədim ki, bizə qaçqınlıq pulu versinlər, dedilər ki, biz o işi görmürük. Nə Azərbaycan, nə də Ukrayna tərəfi bizə kömək etmir, müvəqqəti yaşamağa ev də vermirlər. Hazırda kirayədə qalırıq. Bir az pulumuz vardı, o da bitib. 9 və 11 yaşında övladlarım var, yoldaşım da işizdir. Ölkədən çıxa bilmirik, “şotcik” də yazır, hər gün cəriməmizin həcmi artır. Xahiş edirəm ki, bu pulu üstümüzdən götürsünlər, onsuz da çətin vəziyyətdəyik. İş yox, güc yox. Heç kim iş vermir”.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Qurumdan Hürriyyet.az-a bildirildi ki, Ukrayna vətəndaşı Həsənov Eldəniz Əli oğluna yol vergisi qismində yazılan cərimə tamamilə qanunidir və ödənilməsi mütləqdir.
DGK-dan o da bildirildi ki, bu məsələdə heç bir güzəşt nəzərdə tutulmur.
Cəmilə ƏZİMOVA