"Mağazada şokoladı satdıqları kimi diplomları da elə satıblar" - HƏQİQƏTƏN DƏ...
3-07-2024, 10:40
Təhsil eksperti Nabatəli Qulamoğlu Azərbaycanda 2024-cü il iyunun 24-də keçirilən müəllimlərin sertifikasiya imtahanının nəticələrindən narazıdır.
Ekspert Meydan TV-yə deyir ki, xeyli sayda müəllimin saxta diplom bəhanəsi ilə işindən kənarlaşdırılması ədalətsiz yanaşmadır.
“Mağazada şokoladı satdıqları kimi diplomları da elə satıblar. Bu hamıya məlumdur. Bəs niyə araşdırılmır? Bunu edənlərə niyə cəza verilmir? İndi də müəllimlərin üstünə düşüblər. Ay dövlət, diplomu adama sən vermisən, indi də deyirsən ki, savadsızsan. İşdən çıxarılanlara aylıq və ya birdəfəlik təzminat ödənilməlidir. Demək olar ki, müəllimi adam hesab etmirlər. Mən bu cür yanaşmanı tam ədalətsiz hesab edirəm. Onu da qəbul edirəm ki, savadsız müəllim işləməməlidir. Çünki daha ciddi ziyan vurur”, – Nabatəli Qulamoğlu deyib.
2024-cü il iyunun 21-22 və 24-də Azərbaycanda növbəti dəfə müəllimlərin sertifikatlaşdırılması imtahanı keçirilib.
Bu il ilk dəfə prosesə riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər cəlb ediliblər.
Eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri də imtahan veriblər.
Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib.
Test imtahanlarında 23 448 müəllim iştirak edib.
İmtahanlarda 97,5% davamiyyət qeydə alınıb.
Elm və təhsil naziri Emin Əmrullayev iyunun 27-də “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” adlı tədbirində çıxışı zamanı deyib ki, araşdırma nəticələrinə görə, təxminən 400 nəfər 1977- 1991- ilə kimi olan dövrdə işə qəbul olunanlardır.
“Bu, onu göstərir ki, saxta diplom tolerantlığının səviyyəsi yüksəkdir. Belə olmamalıdır”, – nazir deyib.
İyunun 28-də isə bir qrup müəllim Elm və Təhsil Nazirliyinin önündə etiraz aksiyası keçirərək, sertifikatlaşdırma prosesindən narazılıq ediblər.
Daha öncə Elm və Təhsil Nazirliyindən Meydan TV-yə bildirilmişdi ki, əmək müqaviləsinə xitam veriləcək müəllimlərə əmək qanunvericiliyində nəzərdə tutulan təminatlar ödəniləcək.