Bağlanacağı deyilən bankdan sürpriz qərar - İLGİNC
4-07-2024, 08:50
“Bank VTB Azərbaycan” depozit faizlərini endirib.
Məlumata görə, bank sərfəli əmanət paketi üzrə gəlirliliyi 1,5% azaldıb. Belə ki, bank bundan əvvəl 1-3 illik əmanətlər üzrə 12% gəlirlilik təklif edilirdisə, hazırda 10,5%-ə endirilib.
Qeyd edək ki, bu ilin may ayında bank sərfəli əmanət paketi üzrə faizləri 11,25-11,5%-dən 12%-dək artırmışdı. Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır.
Ötən il “Bank VTB Azərbaycan”ın digər banklardan daha zəif fəaliyyəti göstərməsi barədə fikirlər səslənirdi. Hətta adıçəkilən bankın bağlanacağı ilə bağlı məlumatlar da yayılmışdı. Hazırda isə depozit faizlərini endirməsi maraq doğurur və belə davam edərsə bank kredit faizlərini də azaldacaqmı?
İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirdi ki, ümumiyyətlə, indi bazarda faizlər orta hesabla belədir:
““Bank VTB Azərbaycan” əvvəllər faizi yüksək edib və yəqin ki, pula daha çox ehtiyacı olub. İndi isə ehtiyacı yoxdur, maliyyəsi var və buna görə də faizləri endirir. Yəni bazar faizlərinə uyğunlaşdırır. Digər tərəfdən, kreditə gəldikdə orada belə cüzi azalma təsir etməyəcək. Yəni kreditlərin də faizləri azalmayacaq”.
Ekspert vurğualyıb ki, bunu endirməklə bank xərclərini azaldır, yüksək faiz vermək istəmir:
“Ümumiyyətlə, qarşıdakı dövrdə kredit faizlərində azalma gözlənilmir. Azərbaycanda son qiymət artımı gedən dövrdə faizlər də aşağı düşməyəcək”.