Təhsil sahəsində şok rəqəm: "85-90 faizi yarımçıq qalıb..." - BU NƏDİ BELƏ?!
4-07-2024, 17:02
Elm və təhsil naziri Emin Əmrullayev ilin sonuna kimi bir sıra məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçidin planlaşdırıldığını açıqlayıb. Bu, bir neçə məktəbdə pilot layihə kimi həyata keçiriləcək.
Teleqraf.com-a danışan təhsil eksperti Elşən Qafarov hesab edir ki, adambaşına düşən maliyyələşmə sisteminə keçid üçün tələsik qərar vermək qəbuledilməzdir:
“Elm və təhsil naziri bir müddət əvvəl bildirmişdi ki, adambaşı maliyyələşməyə 2026-cı ildən gedəcəyik. ADA-da konfransda isə cənab nazir bu ilin sonunda adambaşı maliyyələşmənin pilot layihə kimi həyata keçiriləcəyini dedi. "Təhsil haqqında", o cümlədən "Ümumi təhsil" haqqında qanunda göstərilir ki, təhsil müəssisələri növünə və tipinə uyğun olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi adambaşına düşən norma əsasında maliyyələşir. Yəni hər bir təhsilalanın oxuduğu təhsil müəssisəsinin növünə və tipinə uyğun olaraq maliyyə normativləri nəzərdə tutulur.
Dövlət buna əsasən həm təhsil büdcəsini, həm də təhsil müəssisələrini maliyyələşdirir. 2011-ci ildən ali təhsil müəssisələri və orta ixtisas müəssisələri, 2019-cu ildən isə peşə təhsil müəssisələri adambaşına maliyyələşmə sisteminə keçib. Amma ümumi təhsil fərqlidir.
Ölkədə digər təhsil ocaqlarına nisbətdə ümumi təhsil müəsissələrinin sayı çoxdur. Hazırda 4399 dövlət təhsil müəssisəmiz var. Onların yarıdan çoxunda şagird sayı 500-dən azdır”.
Elşən Qafarov adambaşına düşən maliyyələşmədə məktəblərimiz publik hüquqi şəxs statusuna keçməli olduğunu vurğulayır:
“13 iyun 2024-cü ildə Nazirlər Kabinetinin 300 saylı qərarı ilə dövlət və bələdiyyə tabeliyində publik hüquqi şəxs olan ümumi təhsil sisteminin nizamnaməsi təsdiqlənib. Bu nizamnaməyə əsasən fəaliyyət göstərən 13 ümumi təhsil məktəbinin hər birinin, bütün ümumi təhsil məktəblərinin fərdi nizamnamələri hazırlanmalıdır. Cənab nazir bildirir ki, biz adambaşına maliyyələşməni tədris ilinin sonunda pilot məktəblərdə həyata keçirəcəyik.
Sual olunur, həmin pilot məktəblərin fərdi nizamnamələri varmı? O təhsil müəssisələrini idarə edənlərin maliyyə savadı nə dərəcədədir? Onlar publik hüquqi şəxs olaraq, adambaşına düşən maliyyə sistemi ilə işləyən məktəbin idarə edilməsi ilə bağlı hansı bilik-bacarıqlara malikdirlər?
Pilot məktəblərin seçildiyi yerli idarəetmə orqanlarının rəhbərləri və aparıcı şəxsləri məktəbin fəaliyyətinə nəzarət edəcək şəxslərdirmi? Onlar adambaşına düşən maliyyə sistemində məktəbin fəaliyyətində töhfə verə biləcəklərmi?
Bu suallara birmənalı cavab vermək qeyri-mümkündür. Ona görə də düşünürəm ki, bu, tələsik verilmiş şifahi qərardır. Proses özü isə ciddidir. Ölkədə ümumitəhsil sisteminin dəyişdirilməsindən söhbət gedir. Çox təssüf ki, son 11 ildə biz təhsil sisteminin dəyişdirilməsi ilə bağlı heç bir addım atmadıq. Təhsilin inkişafı üzrə dövlət strategiyasının yalnız 10-15 faizi həyata keçirilib. 85-90 faizi yarımçıq qalıb.
Belə bir şəraitdə adambaşına düşən maliyyələşməyə keçid təhsil sahəsində olan digər islahatlar kimi yarımçıq, formal xarakter daşıyacaq”.