Ələsgər Məmmədlinin boğazındakı şişin xoşxassəli olduğu bildirilib, ailəsi analizin nəticələrinin etibarlılığına şübhə ilə yanaşır
9-07-2024, 09:04
İyulun 8-də “Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədlidən götürülmüş analizin nəticələri açıqlanıb. Biopsiyanın nəticələrinə görə, boğaz nahiyəsindəki şişin xoşxassəli olduğu müəyyən edilib. Bu barədə Turan-a Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib. Bu gün Ələsgər Məmmədli onunla telefonla danışıb.
“Bu gün Ələsgər təcridxanadan zəng etmişdi. O bildirdi ki, keçən həftəsonu biopsiyanın nəticəsi açıqlanıb. Görüntünün kistik degenerativ xoşxassəli follikular düyün ilə uyğun gəldiyi bildirilib. Şişin xoşxassəli olması sevindirici xəbər olsa da, buna şübhəli yanaşmağımıza ciddi əsaslar var. Belə ki, Ələsgər həbsindən 1 saat öncə özəl klinikada ultrasəs müayinəsi olunmuşdu. O zaman qalxanvari vəzinin boyun hissəsində, sol payda 23 millimetr ölçüdə heterogen, periferik, vaskulyarizasiyalı TİRADS III düyün (50-75 faiz xərçəng ehtimalı) aşkar edilmişdi. Eləcə də qandan götürülən digər analizlərin cavabları da şişin təhlükəli xarakterli olması ehtimalından xəbər verirdi. Cərrah endokrinoloq biopsiya ilə yanaşı 10 tibbi komponent üzrə qan analizinin vacibliyini tövsiyə etmişdi. Ancaq təhlükəsizilik qüvvələri Ələsgərdən biopsiya götürülən zaman digər analizlərin götürülməsinə imkan verməyiblər. Beləliklə, biopsiyanın cavabları Ələsgəri və ailə üzvlərini qane etməyib. Bu nəticə xəstəliyin dəqiq diaqnozunu qoymaq üçün yetərli deyil. Cərrah endokrinoloq da ultrasəs müayinəsinin nəticələrlə biopsiya nəticələri arasında uyğunsuzluğun olduğunu bildirib. Tiroid biopsiyası ilə yanaşı, TSH, ST4, tireoglobulin, bilirubin fraksiyaları, GGT, ALT, AST, amilaza, şəkər HbAıC, Kreatin, qanın ümumi analizinin təcili verilməsini tövsiyə edib. Cərrahi əməliyyat ehtimalını istisna etməyib”- o qeyd edib.
Nəsimi Məmmədli deyib ki, qardaşı boğulmadan əziyyət çəkir: “Boğazdakı düyünün ölçüsü böyükdür. Biopsiyanın nəticəsini etibarlı hesab etmirik. Təhlükəsislik qüvvələrinin kobud nəzarəti və pis rəftarı ilə təkrar qarşılaşmamaq üçün təcridxana şəraitində cərrahi əməliyyatı həyatına təhlükə sayırıq. Bu şəraitdə ağrı-acı içərisində təcridxanada qalmağı təhlükəsizlik qüvvələrinin ləyaqəti alçaldan pis rəftarına məruz qalaraq müayinəyə aparılmaqdan daha üstün tuturuq. Ölkənin ən işıqlı aydınlarından biri tamamilə təqsirsiz, sübutsuz, dəlilsiz, qanunsuz və xəstə halı ilə həbsdə saxlanılır. Ölkə içərisində bu haqsızlığı dayandıracaq heç bir güc təəssüf ki, yoxdur”.
Nəsimi Məmmədli deyib ki, telefon danışığı zamanı Ələsgərin səsi yenə də zəif və yorğun gəlib. “Boğazındakı şiş onun yatmasına əngəl yaradır və yuxusuzluqdan əziyyət çəkir. İsti hava, qapalı şərait, boğulma halı və davamlı baş ağrısı onun səhhətində getdikcə ağır fəsadlar yaradır”, – o qeyd edib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə iyunun 22-də Ələsgər Məmmədlinin özəl klinikaya biopsiya götürülməsi üçün gətirilərkən pis rəftara məruz qaldığı bildirilib.
“Faktiki olaraq məhkəmə qərarının icrasına təhlükəsizlik orqanlarının əməkdaşları imkan verməmişdi. Əməliyyat otağına daxil olan çoxsaylı polis, prokurorluq və digər hüquq- mühafizə orqanlarının əməkdaşları Ələsgərin istədiyi və məhkəmə qərarında adı çəkilən doktorların iştirakının qarşısını almışdılar. Hələ o zaman biopsiya nəticələrinin etibarlılığına şübhə yaranmışdı. Ələsgə bu məsələ ilə bağlı iyulun 5-də Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Komitəsinə şikayət göndərib”, – Nəsimi Məmmədli deyib.
Martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfərin barəsində həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.
“Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.