Oğlu həyat yoldaşını qətlə yetirən qadın nəvələrinin qəyyumluğunu istəyir

9-07-2024, 11:59           
Oğlu həyat yoldaşını qətlə yetirən qadın nəvələrinin qəyyumluğunu istəyir
Salyan sakini hesab edir ki, həbsdə olan oğlu ona etibarnamə verdiyindən, nəvələrinin mərhum gəlininin anasının qəyyumluğuna verilməsi yanlışdır

Salyan rayonu, Arbatan kənd sakini İbrahimova Rühanə İsgəndər qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət ərizəsi təqdim olunub. Şikayətçi iddia edir ki, Salyan Rayon İcra Hakimiyyəti tərəfindən nəvələri mərhum gəlininin anasına qəyyumluğa verilib, vəziyyətləri ürəkaçan deyil.

Qeyd edək ki, şikayətçinin oğlu öz həyat yoldaşını qətlə yetirdiyindən 16 il müddətinə azadlıqdan məhrum olub. İbrahimova Rühanə İsgəndər qızının fikrincə, qudasıgil uşaqlara baxa bilmir. Bildirir ki, oğlu ona qəyyumluqla bağlı etibarnamə verib, amma uşaqları ala bilmir:

“Mən, İbrahimova Rühanə İsgəndər qızı, yazaraq nəzərinizə çatdırıram ki, oğlum məhkumdur, həyat yoldaşının qeyri-normal həyat tərzinə görə həbs olunub. O, uşaqları üçün mənə etibarnamə verib. Ancaq icra digər nənəni qəyyumçu təyin edib. 10 aydır, uşaqları nə mənə, nə də atasına göstərmirlər.

Mənə deyilir ki, etibarnamənin bir xeyiri yoxdur. Halbuki, yoxlansa, o ailədə uşaq qalmaz. Keçən il qızı məktəbə qoya bilmədilər. Qudamın qızı da boşanıb, 10 və 12 yaşlı oğulları mənim nəvələrimlə birlikdə iki balaca otaqda qalır, “kuxna” da yoxdur.

Mənim işimə heç kim baxmır. Uşaqlar o ailədə imkansızlıqla yaşaya bilməyəcək. İcraya dəfələrlə məktub yazmışam, xəbər yoxdur. Məhkəmə iyunun 27-də 1 günlük görüş təyin edib. Amma hələ də qarşı tərəf nəvələrimlə görüşməyə imkan vermir”.

Vəkil Esmira Rzayeva “Hürriyyət”ə açıqlamasında izah edir ki, ailələr arasında barışıq yaranmasa, problem məhkəmə icraatı qaydasında həllini tapmalıdır:

“Ailə mübahisəsi olduğuna görə, ilk olaraq medisiya prosesindən keçməlidirlər. Əgər tərəflər barışığa gəlməzlərsə, o zaman prosedur məhkəmə qaydasında aparılmalıdır. Uşaqla ünsiyyət və yaxud onun hansı nənə-babanın himayəsində, qəyyumluğunda saxlanılması məsələsi üzrə məhkəmə qərar verəcək.

Uşaq artıq 10 yaşına çatıbsa, hansı nənə və babanın yanında saxlanılması barədə özü qərar verə bilər. 7 yaşdan onların mənafeyinə görə uşaqların fikri dinlənilə bilər. Əgər uşaq 10 yaşına çatıbsa, istənilən nənə və babanı seçməklə bağlı qərarı özü verə bilər. Məhkəmə gedişat prosesində icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanını dəvət edir. Bu zaman uşaqlar azyaşlı olduğuna görə, onlar pedaqoq və psixoloqun müşayiəti altında öz fikirlərini bildirirlər. Belə məqamda məhkəmə uşaqların mənafeyni üstün tutaraq, onların xeyrinə qətnamə çıxardır”.

Cəmilə ƏZİMOVA

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.