Hərbi hissədə ağır xəsarət aldı, əlillik dərəcəsi verilmir… - ŞİKAYƏT
9-07-2024, 11:54
Ağcabədi sakini “hərbi xidmətə yararsız” kimi ordudan tərxis oğluna əlillik dərəcəsi verilməməsində rəsmi qurumları ittiham edir
Ağcəbədi rayonu, Poladlı kənd sakini Səfərov Üzeyir Şiraslan oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, oğlu Səfərov Elşən Üzeyir oğlu hərbi xidmət zamanı ağır xəsarət alsa da, ona əlillik dərəcəsi verilmir:
“Mən, Səfərov Üzeyir Şiraslan oğlu, yazaraq bildirirəm ki, oğlum 2021-ci ildə hərbi xidmətə gedib. 3 ay sonra Gədəbəy rayonuna göndəriblər. Daha sonra, 2022-ci ilin aprel ayının 18-də topun hava balonunun partlaması nəticəsində ağır xəsarət almışdır.
Hadisə barədə bizə heç bir məlumat verilməmişdi. Poladlı uşaqları Gəncədən sənəd almaq üçün gedəndə Elşənin yaralandığını bilib, bizə xəbər veriblər. Bu xəbəri eşidən kimi, dərhal Gəncə şəhərinə yola düşdük. Bir qədər gözlədikdən sonra güc-bəla ilə bizi oğlumla görüşdürdülər. “Kameraya düşürsünüz, olmaz, icazə yoxdur” deyirdilər.
10-15 gün keçdikdən sonra oğlum dedi ki, məni hərbi hissəyə geri göndərirlər. Biz oğluma sual verdik ki, bu necə olur, axı sən sağalmamısan?! Uşaq dedi ki, mən də bilmirəm bu nə məsələdir.
Biz dərhal Gədəbəy rayonuna, oğlumun olduğu N saylı hərbi hissəyə getdik. Orada bizi qəbul edən, bizimlə görüşən olmadı. Saatlarla yağışın altında qaldıq, gözlədik, lakin bizimlə həmsöhbət olmaq, dərdimizi dinləmək istəyən tapılmadı. Komandir xəbər göndərdi ki, maşınım xarab olub, gələ bilmirəm.
Biraz sonra Gədəbəyin Hərbi Hospitalına gəldik. Orada həkim İlqar Qadirovla (ya da Abdulxalioqov, soyadı dəqiq yadımda deyil) görüşmək istədik. Həmin şəxs də bizimlə görüşə gəlmədi. Bizə bildirdilər ki, İlqar həkim Şəmkir şəhərində iclasdadır. Bir neçə saat gözləyəndən sonra, ordakılara bildirdik ki, Şəmkirdə hardadır, gedib orada görüşək. Bu zaman Elşənin “zampalit”i gəlib çıxdı. Bu vaxt müəyyən olundu ki, biz oğlumla görüşə gedəndə də bu şəxs orada olub. Dedim, bəs siz orada ola-ola heçmi fikirləşmədiniz ki, valideyn uzaq yoldan gəlib, onu gözlətməyək. Uşağın vəziyyətini də bilirsiniz, - dedim. Əsas məsələyə keçərək sual verdim ki, uşağın sağalma prosesi bitməyib, necə olacaq? O da qeyd etdi ki, bəli, uşaq sağalmayıb, amma bizlik heç nə yoxdur, yuxarıdan əmr belə verilib. Mən elə onun səhhətinin düzəlmədiyini bilərək yanımda saxlayıram ki, bir problem olmasın. Sual verdim ki, bəs bu nə qədər sürəcək? Həmçinin, bildirdim ki, oğlum hərbçi olaraq qalıb vəzifəsini davam etdirmək istəyir. Bu zaman bildirdi ki, yox, siz nə danışırsız, artıq o, hərbi xidmət üçün yararsızdır. Sual verdim ki, yararsızdırsa, niyə burada saxlayırsız, axı yararsız olanda təxris olunamalıdır. Cavab verdi ki, bizim buna səlahiyyətimiz çatmır.
Demək olar ki, 3 ildir yollarda qalmışıq. Elşəni Gədəbəy yollarında bir yararsız maşınla ordan-ora daşıyırlar. Oğlumun bütün bu illər ərzində əsəbləri pozulub. Stressdən ağzında dişləri də tökülüb. Qulağının biri yararsızdır. Həkim deyir ki, çimərkən digər qulağına pambıq qoyun, eşidən qulağına da nəsə olsa, tamamilə kar olacaq. Bunlar baş-beyin travması alan əsgəri hərbi hissədə süründürüblər. Hətta “zampalit” dedi ki, gedin qurban kəsin, oğlunuz yaxşı qutarıb.
Həmin hadisədə 4 nəfər ağır yaralanıb. Birinin ayağı kəsilib, birinin qolu, oğlum da bu vəziyyətdədir. Nə qədər ərizələr, müraciətlər yazdım. Bu müraciətlərimdən sonra oğlumu axır ki, tərxis etdilər. Oğlum gələndən sonra bütün müayinə kağızlarını, həkim rəylərini yığıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdim. Bizə imtina cavabı gəldi, bildirdilər ki, bu xəstəliklərlə oğlunuza əlillik düşmür.
Mən bir valideyn kimi dövlətimdən tələb edirəm, mənim uşağıma ya sağlamlıq kağızı, ya da əlillik dərəcəsi verilsin. Müraciət etmədiyim yer qalmayıb. Heç kəs doğru-düzgün cavab vermir. Bütün sənədləri yığmışam, amma əlillik dərəcəsi ala bilmirəm. İstəyirəm ki, oğlumu tibbi komissiyadan keçirsinlər, obyektiv qərar versinlər. Mən heç kəsin haqqını yemək istəmirəm, uşağıma düşən əlilliyi istəyirəm. Oğlum iş qabiliyyətini itirib. Bu vəziyyətdə mənim oğlum ata-anasına necə baxsın, necə ailə-uşaq sahibi olsun?
Hörmətli səlahiyyətli qurumlar, mən hara, kimə müraciət edim? Sağlam insanlar əlillik dərəcəsi alıb yaşayırlar. Mənim oğlum xəstə olduğu halda ala bilmir.
Çox güman ki, cənab Prezidentin bu olanlardan xəbəri yoxdur. Amma Müdafiə Nazirliyi bilə-bilə buna göz yumur. Hara işə girmək üçün müraciət ediriksə, bizdən sağlamlıq kağızı tələb edirlər. Bax, mən bu halın, bu vəziyyətin qarşısında nə edim? İşsiz-gücsüz qalıb, qohum-əqrabadan kömək gözləyək?!”
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.