OPEC+ ardıcıl ikinci dəfə neft hasilatının artırılmasını təxirə salacaq
31-10-2024, 11:15
OPEC+ ölkələri neft hasilatını dekabr ayında artırmaq planlarını yenidən təxirə salmağa hazırlaşır.
Bu barədə "Reuters" agentliyi üç mənbəyə istinadən məlumat yayıb.
Məlum qərarın səbəbi neft qiymətlərinin kəskin enməsi və qlobal bazarda təklifin artıq olmasıdır.
Əvvəlki planlara görə, hasilat oktyabr ayında gündə 180 min barrel artırılmalı idi, lakin son üç ildə ən aşağı səviyyəyə düşən qiymətlər bu qərarın yenidən nəzərdən keçirilməsinə səbəb olub. Mənbələrdən biri OPEC+ təşkilatının neftə olan zəif tələbdən narahat olduğunu və bu səbəbdən təklifin artmasının qiymətlərin daha da enməsinə səbəb ola biləcəyini qeyd edib. Xüsusilə Çinin iqtisadi böyüməsinin yavaşlaması tələbin azalması ilə bağlı narahatlıqlar yaradır.
Hazırda Brent markalı neftin qiyməti 72 dollar ətrafında dəyişir ki, bu da gözləniləndən xeyli aşağıdır. Oktyabrın əvvəlində Yaxın Şərqdə baş verə biləcək potensial münaqişə səbəbilə neft qiymətləri yüksəlmişdi. Mütəxəssislər, İsrailin İranın neft infrastrukturasına zərbə endirəcəyi və İranın buna cavab olaraq Hörmüz boğazını bağlayacağı təqdirdə qiymətlərin artacağını proqnozlaşdırırdılar. Lakin İsrail yalnız hərbi obyektləri hədəf aldıqda və İranın cavab verməməsi qərarı ilə bu təhlükə aradan qalxdı və qiymətlər enməyə başladı.
OPEC+ daxilində hasilat səviyyəsinin qorunub saxlanılması ilə bağlı əsas problem isə bəzi ölkələrin kvotaların ədalətsiz olduğunu düşünməsidir. Onlar hasilatı artırmaq və daha çox nefti dünya bazarına çıxarmaq istəyirlər, lakin ABŞ kimi OPEC+ xaricində olan təchizatçılar bazarda onların payını almağa davam edir.
Dünya Bankının qiymətləndirməsinə görə, gələn il qlobal bazarda neft təklifi artacağı təqdirdə, xammal qiymətləri son beş ilin ən aşağı səviyyəsinə düşə bilər.