Xırda qəpik götürməyənlər cinayətə cəlb oluna bilərlər - Milli Məclisdə məsələ qaldırılacaq

27-09-2016, 13:56           
Xırda qəpik götürməyənlər cinayətə cəlb oluna bilərlər - Milli Məclisdə məsələ qaldırılacaq
Qəpik də manat kimi milli pul vahidimizdir. Amma bu gün ölkəmizdə 1, 3, 5 kimi xırda metal pullara münasibət heç də birmənalı deyil. Bu xırda qəpikləri iri super-marketlər şəbəkəsində, ictimai iaşə yerlərində, avto parklarda ödəniş kimi istifadə etmək istədikdə sanki xidmət göstərənləri təhqir edirsən. Çox zaman adamı borclu çıxarmağa da cəhd edirlər. Sanki xırda qəpik uzatmaqla günah bir iş görmüş olursan.
Yəni açıq şəkildə xırda qəpiklərə qarşı cəmiyyətdə sanki bir allergiya formalaşıb.
Bəs metal qəpiklərə bu cür hörmətsizliyin səbəbləri nədən qaynaqlanır?

“Xırda qəpiklərə hörmətsizlik edən cinayət məsuliyyətinə cəlb olunmalıdır”

Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas deputat Tahir Kərimli Modern.az-a açıqlamasında deyib ki, xırda qəpiklərə bu cür münasibət cinayət məsuliyyəti yaradır:
“Bu gün 3-5 qəpiklərin gündəlik həyatımızda istifadəsində açıq şəkildə imtina edilməsi və buna birbaşa olaraq sahibkarların şərait yaratması açıq şəkildə cinayət faktıdır.
Belə hallara qarşı mübarizə aparılmalı və günahkarlar mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
Həm Cinayət Məcəlləsində, həm də inzibati hüquqpozmalar qanununda Azərbaycan Respublikasının dövlət rəmzlərinə qarşı hörmətsizliyə görə cinayət məsuliyyəti nəzərdə tutulub.
Dövlət rəmzlərinə hörmətsizlik faktında cinayət tərkibi böyük olanda bu Cnayət Məcəlləsi ilə, xırda hüquqpozma olduqda isə inzibati hüquqpozmalar qanunu ilə tənzimlənir”.

“Bu cür halları yardan sahibkarlar cəzalandırılmaldır”

Deputat hesab edir ki, xırda qəpiklərin istifadəsinə maneə törədən sahibkarlara qarşı ciddi addımlar atılmaldır:
“Bu sahədə xüsusi nəzarət orqanları var. Həmin orqanlar qəpiklərin istifadəsi ilə bağlı hüquqpozmaları şikayət olmazdan öncə araşdırmalıdır. Məsələn, avtoparklardakı aparatlarda, iri super-maketlər şəbəkəsində bu gün xırda 3-5 qəpiklərə hörmətsizlik daha çox nəzərə çarpır.
Bu sahibkarlıq subyektləri ciddi nəzarətə götürülməlidir. Axı nəyə görə pul qazandıqları halda dövlət atributuna qarşı bu cür hörmətsizlik edilməlidir?
Qəpik milli pul vahidi kimi dövlətin suverenliyinin əsasıdır. Qəpik də dövlətin bayrağı, gerbi, himni kimi qorunmalı və heç bir hörmətsizliyə məruz qalmamalıdır.
Milli pul vahidinə, qəpiklərə qarşı bu cür hörmətsizlik eyni zamanda ciddi şəkildə ictimai qınaq da yaratmalıdır. Amma təəssüf ki, bu cür ictimai qınaq hələ də azdır. Hamı gözəl bilir ki, bu gün iri super-marketlər şəbəkəsində və avtoparkların əksəriyyəti məmurların, hüquqi şəxslərindir.
İlk növbədə cinayət məsuliyyətinə hüquqi şəxslər cəlb olunmalıdır. Çünki bu gün hüquqi şəxslər barəsində maliyyə sanksiyaları daha çox olduğu üçün, onlar bu sanksiyalarla cinayət məsuliyyətinə cəlb edilməlidirlər”.

“Xırda qəpiklər ləğv olunmalı deyil”

Tahir Kərimli deyib ki, xırda qəpiklərin ləğv edilməsi səhv addım olar:

“Mən sizin vasitənizlə deputat kimi buradan iqtisadi nəzarət orqanlarına səslənirəm ki, ölkədə xırda qəpik pullara qarşı hörmətsizliyin qarşısını alsınlar.
Rusiyada qəpiklərin bizimkindən orta hesabla 20-30 dəfə ucuz olmasına baxmayaraq, qəpikləri ləğv etməyi düşünmürlər.
Amma Azərbaycanda bəzən deyirlər ki, 3-5 qəpiklər ləğv olunsun. Axı niyə ləğv olunmalıdır? Hansısa işbazlar, sui-istifadəçilər xırda qəpiklərdən istifadə etmir deyə, mili valyuta da ləğv olunamaldır ? Xeyr, belə bir şey ola bilməz.
Əksinə, qəpiklərdə maliyyə qiymətləndirmələri düzgün aparılmaldır. Bəs nəyə görə hökumət bu qəpikləri tədavülə buraxıb? Bu qəpiklər nəyə görə maliyyə və digər qanunvericilik aktlarına salınıb? Deməli, ləğv olunmalı deyil.
Rusiya, Türkiyə, Gürcüstanda xırda qəpiklərdən heç bir problem olmadan istifadə olunursa, deməli bizdə də mümkündür.
Bu məsələ mütləq Milli Məclisdə ciddi şəkildə qaldırılmalıdır. Qəpiklərə qarşı bu cür hörmətsizlik parlamentin komitə və plenar iclaslarında da müzakirəyə çıxarılmalıdır. Çünki pula hörmətsizlik heç vaxt başucalığı gətirməyəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.