Müəllimlərə vergi güzəştləri olacaqmı?

13-11-2024, 09:18           
Müəllimlərə vergi güzəştləri olacaqmı?
Ekspert bildirib ki, bu güzəştlər gənc müəllimlərin təhsil sahəsində qalmasına stimul verə bilər.
Müəllimlərin əmək haqqından vergi tutulmamalıdır. Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov söyləyib. O, bildirib ki, müəllimlərin əmək haqqından vergi tutulmaması təhsilin inkişafı, onların sosial rifahının yaxşılaşdırılması və ölkənin ümumi iqtisadiyyatına müsbət təsir göstərmək baxımından vacibdir:
"Müəllimlər cəmiyyətin gələcəyini formalaşdıran ən önəmli peşə sahiblərindən biridir və onların rifahının yüksəldilməsi təhsilin keyfiyyətini birbaşa təsirləndirir. Maddi dəstəyin gücləndirilməsi isə müəllimlərin iş motivasiyasını artıraraq, yüksək keyfiyyətli təhsilin təmin olunmasına kömək edir".

Qeyd edək ki, müəllimlərin ödədikləri vergilərin çoxluğu zaman-zaman müzakirələrə səbəb olur. Sosial şəbədəki qruplarda müəllimlər aldıqları əmək haqlarının xeyli hissəsinin vergiyə çıxıldığından şikayətlənirlər.
K.Əsədov bildirib ki, bir çox inkişaf etmiş ölkədə müəllimlərə xüsusi vergi güzəştləri tətbiq edilir.
"Məsələn, Skandinaviya ölkələrində müəllimlərə azaldılmış vergi yükü ilə yanaşı sosial dəstəklər də verilir ki, bu da onların motivasiya ilə fəaliyyət göstərməsinə imkan yaradır. Bu cür təcrübələr ölkələrdə təhsilin səviyyəsini yüksəldir və gələcək nəslin inkişafına töhfə verir. Vergi yükünün azaldılması müəllimlərin gəlirlərini artıraraq onların sosial rifahını yüksəldər və maddi sıxıntılardan uzaq bir şəkildə fəaliyyət göstərməsinə şərait yaradar. Bu isə müəllimlərin işə daha çox diqqət ayırmasına, peşəkar inkişaflarına investisiya etmələrinə və təhsilin keyfiyyətini artırmalarına imkan verər. Vergi güzəştləri tətbiq edildikdə müəllimlərin digər sektorlara axını azalır və təhsildə kadr çatışmazlığının qarşısı alınır. Bu güzəştlər gənc müəllimlər üçün də təhsildə qalmaq üçün cəlbedici bir mühit yaradar".

Ekspertin fikrincə, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması onların təlim resurslarına daha çox sərmayə qoymasına imkan verər:
"Beləliklə, peşəkarlıq artır, müxtəlif kurslar və təlimlərə qatılaraq daha keyfiyyətli tədris verə bilirlər. Bu, birbaşa təhsilin keyfiyyətinə təsir edir və gələcək nəsillərin daha hazırlıqlı yetişməsinə səbəb olar. Müəllimlərin əmək haqqından vergi tutulmaması onların maddi rifahını və iş şəraitini yaxşılaşdırmaqla, təhsilin keyfiyyətinə və cəmiyyətin inkişafına mühüm təsir göstərər. Dövlətin bu sahədə müsbət addımlar atması gələcək nəsillərin inkişafı və cəmiyyətin rifahı üçün vacibdir".
Müəllimlərin aldığı maaşdan hansı vergilər tutulur?
Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, 2500 manatadək olan aylıq gəlirlərdən 14% gəlir vergisi tutulur. "Sosial sığorta haqqında" Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3% miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir.
Qeyd olunanlardan əlavə olaraq, Həmkarlar İttifaqı Təşkilatı ilə bağlanmış müqaviləyə əsasən, əməkhaqqından 2% üzvlük haqqı tutulur. Bundan başqa, müəllimlər iİşsizlikdən sığortaya görə 0,5%, icbari tibbi sığortaya görə 2% ödəniş də edirlər.
Beləliklə, müəllimlərin əmək haqqından aşağıdakı vergilər tutulur:
Gəlir vergisi – 14%;
Sosial sığorta – 3%;
Həmkarlar ittifaqı – 2%;
İşsizlikdən sığorta – 0,5%;
İcbari tibbi sığorta haqqı - 2%.
Bunları ümumilikdə hesabladıqda maaşdan 21,5 % tutulmalar olur.
Qeyd edək ki, əmək haqqı 2500 manata qədər olduqda, ondan ölkə üzrə yaşayış minimumu- 345 manat çıxıldıqdan sonra qalan məbləğdən 14% gəlir vergisi tutulur.
Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən, bəzi kateqoriyadan olan işçilərin əməkhaqqından gəlir vergisi güzəştlə tutulur.
Belə ki, I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.