“Qırmızı Körpü”dən şəhid ailəsinin əşyalarını Gürcüstana qaytardılar - Biabırçılıq...
28-09-2016, 14:04
Qəzetimizin 15.09.2016-cı il tarixli sayında “Qırmızı Körpü”də şəhid ailəsindən izahat tələb edirlər” sərlövhəli tənqidi material dərc olunmuşdu. Əslində bu məqalə Tovuz Gömrük İdarəsinin tabeliyində fəaliyyət göstərən “Qırmızı körpü” gömrük keçid məntəqəsinin rəhbərliyi və əməkdaşları tərəfindən şəhid ailəsi Ofelya Qurbanovanın, eləcə də daha bir neçə nəfər vətəndaşın hüquqlarının kobud şəkildə pozulmasından bəhs edən yazılardan sadəcə biri idi. Amma, sən demə bu yazının bir özəlliyi varmış ki, bundan heç bizim özümüzün də xəbərimiz olmayıb. Məsələ bundadır ki, məqalənin çapa hazırlandığı gün, yəni sentyabr ayının 14-də, “Qırmızı körpü” gömrük keçid məntəqəsinin əməkdaşları uzun müddətdən bəri şəxsi istifadələri üçün Gürcüstandan gətirdikləri mallarını gömrüyün anbarından ala bilməyən vətəndaşların problemlərini “həll” edirlərmiş...
Xatırladaq ki, hüquqları pozulan vətəndaşlardan biri, Ağstafa rayonu, Vurğun qəsəbə sakini Eyyubov Vahid Nəsib oğlu ilk dəfə redaksiyamıza etdiyi müraciətində göstərmişdi ki, o, öz ailəsinin dolanışığını özünə məxsus olan 05 BC 388 nömrə nişanlı QAZ 53 markalı avtomobilin istismarı ilə təmin edir. Daha sonra şikayətçi “Qırmızı körpü” gömrük keçid məntəqəsində rastlaşdığı özbaşınalığın təfərrüatlarını belə təsvir edirdi: “Mən 24 avqust 2016-cı il tarixdə təmənnasız olaraq, şəhid ailəsi Qurbanova Ofelya Rəşid qızının Gürcüstan Respublikasının Lilo bazarından qızı üçün aldığı cehizlik ev əşyalarını, həmçinin Məhərrəm və Nurlan adlı şəxslərin şəxsi istifadə üçün aldıqları məişət əşyalarını sənədləri ilə birlikdə öz maşınımla Qazax rayonunun ərazisində yerləşən “Qırmızı körpü” kömrük məntəqəsinə gətirdim. Maşınımda hər bir vətəndaşın adına məxsusi sənədlərlə birlikdə bir ədəd televizor, bir ədəd soyuducu, bir ədəd paltaryuyan, bir ədəd tozsoran vardı. Rəis Mehman Sadıqovun göstərişi əsasında mənə məxsus olan avtomobili “Sınıq körpü” məntəqəsində möhürləyib saxlayıblar. Halbuki, Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən hər bir vətəndaşın xarici ölkədən şəxsi istifadə üçün 1500 (min beş yüz) dollar dəyərində əşya alıb gətirə bilər. Mehman Sadıqov özü bilərəkdən 305 saylı qərarın əksinə gedərək bizi incidir...” Eyni zamanda da redaksiyamıza Vahid Eyyubovun şikayət əeizəsində adlarını çəkdiyi vətəndaşlar tərəfindən ölkə rəhbərliyinə ünvanlanmış müraciətlərin surətləri də təqdim olunmuşdur. Belə ki, Ağstafa rayonu, M.Allahverdiyev küçəsi, ev 64 ünvanında yaşayan şəhid ailəsi Qurbanova Ofelya Rəşid qızı, eləcə də Ağstafa rayonu, Vurğun qəsəbə sakinləri Rzayev Məhərrəm Abdulla oğlu və Əsgərli Nurlan Nəsimi oğlu tərəfindən imzalanmış şikayət ərizəsində də Vahid Eyyubovun təqdim etdiyi faktlar tamamilə təsdiq olunurdu.
İndi isə, qayıdaq sentyabr ayının 14-də “Qırmızı körpü” kömrük məntəqəsində cərəyan edən hadisələrə. Əldə etdiyimiz son məlumatlarda bildirilir ki, həmin gün gömrük keçid məntəqəsinin rəhbərliyi bu məsələ üzrə “araşdırma” aparıb və nəhayət ki, qərar qəbul edib. Həmin qərara əsasən, Vahid Eyyubov 19 sentyabr 2016-cı il tarixdə 50 manat məbləğində cərimə olunub. Digər vətəndaşlara məxsus mallar (məişət texnikası) isə, Gürcüstan Respublikasına geri göndərilib. Şəhid ailəsi Ofelya Qurbanovanın ölkə rəhbərliyinə ünvanladığı və surəti redaksiyamıza təqdim olunan növbəti ərizədə bu barədə deyilir: “...Bizim çoxsaylı ərizə və şikayətlərimiz əsasında 14 sentyabr 2016-cı il tarixdə Gömrük Komitəsinin təhqiqatçısı Mirşahin və Rəhim müəllim tərəfindən şifahi araşdırma aparıldı. Biz vətəndaşlara bildirdilər ki, üç adam birləşib bir yük maşınında şəxsi istifadə üçün yük gətirə bilməz. Guya buna qanun yol vermir və Nazirlər Kabinetinin 305.2.1.2 saylı qərarına əsasən yalnız tək-tək mal gətirmək səlahiyyətimiz var. Sürücü Vahid Eyyubovu 19 sentyabr 2016-cı il tarixdə 50 manat cərimə edib, bizə məxsus olan, şəxsi istifadə üçün gətirdiyimiz əşyaları Gürcüstan Respublikasına geri qaytararaq, bizə maddi ziyan vurdular. Amma maraqlıdır ki, sadə vətəndaşlara qarşı münasibətdə qanunlara belə dəqiqliklə “əməl edən” gömrükçülər, özlərinə gəlincə bütün qayda-qanunları unudurlar. Belə ki, 14 sentyabr 2016-cı il tarixdə Tovuz Gömrük idarəsinin ərazisində duran AA 800 AA nömrə nişanlı, “İnfiniti OX 56” model, Gürcüstan serialı və qiyməti 100 min manat olan maşın Tovuz Gömrük idarəsinin rəis müavini Polkovnik Elmiraz Hüseynova məxsusdur. Rəis müavini nümunəvi bir məmur kimi niyə Azərbaycan serialı maşın idarə etmir? Eyni zamanda da, bu məmur həmin avtomobili depozitə pul qoymadan idarə edir. Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov isə, bu qanunsuzluğa özü şərait yaradır. Xahiş edirik, Elmiraz Hüseynova məxsus olan maşının Respublika ərazisindən çıxarılmasına məhdudiyyət qoyulsun. Tovuz Gömrük idarəsinin rəisi Polkovnik Mehman Sadıqovun çirkin əməlləri, bütün nazirliklərdə və komitələrdə nəzarətə götürülüb, araşdırılsın...”bizimdovr/
Teref/info olaraq qarşı tərəfin də mövqeyini öyrənə bilərik.