MİKAYIL CABBAROV “TİKİNTİ MAFİYASI”NA QARŞI - Gücü çatacaqmı?…

29-09-2016, 00:20           

Bakı şəhəri Nizami rayonunda yerləşən Bakı Qida Sənayesi Kollecinin ərazisinə müdaxilə faktı aşkar edilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kollecin ərazisindəki futbol meydançasının üzərində “İnteks MMC” şirkəti tərəfindən yeni yaşayış kompleksinin inşaat işlərinə başlanılıb. Bununla əlaqədar təhsil müəssisəsinin binasının zirzəmisində və bəzi sinif otaqlarında çatlar yaranıb. Tikinti işlərinə cəlb olunan texnikanın kollecin tədris binasına çox yaxın olması, özül üçün qazıntı işlərinin aparılması binanın möhkəmliyinə zərər yetirib.

Aparılan tikinti işləri tədris prosesinin gedişinə ciddi maneə törətməklə yanaşı, kollecin pedaqoji və tələbə kontingentinin həyat və sağlamlığı üçün təhlükə törədir.

Məlumatda deyilir ki, Bakı Qida Sənayesi Kollecinin direktoru Anar Mayılov səhlənkarlıq göstərərək kollecin ərazisinə müdaxilənin qarşısının alınması üçün lazımı tədbirlər görməyib. Yol verdiyi nöqsanlara görə A.Mayılov təhsil nazirinin müvafiq əmri ilə 23 sentyabr 2016-cı il tarixində tutduğu vəzifədən azad edilib. Qeyd olunan ərazidə tikinti işlərinin dərhal dayandırılması barədə aidiyyəti dövlət qurumlarının qarşısında məsələ qaldırılıb.

Təhsil Nazirliyindən bildirib ki, təhsil müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edənlər birmənalı şəkildə qəbul etməlidir ki, bu cür hərəkətlərlə təhsilalanların Konistitusiya hüquqlarının pozulmasına səbəb olurlar. Təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcək.

Təhsil Nazirliyinin bu açıqlamasını nazir Mikayıl Cabbarovun icra hakimiyyətlərinə və tikinti mafiyasına müharibə elan etməsi kimi də qəbul etmək olar. Hər halda təqdim olunan fotolardan belə görünür ki, söhbət qaçaq yolla aparılmasına cəhd olunan hansısa kiçik tikintidən getmir. Məlumatda da qeyd olunduğu kimi, adıçəkilən şirkət kollecin ərazisində hündürmərtəbəli yaşayış binası tikir. Yəni ki, tikinti şirkətinin özbaşınalığından söhbət gedə bilməz – yerli icra hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti, FHN və digər dövlət orqanları bu tikintidən xəbərdardır, müvafiq sərəncamlar və rəylər alınıb. Bu o deməkdir ki, kollecin ərazisinin zəbt olunmasında bu instansiyaların hamısının iştirakı var. Bunu təhsil naziri Mikayıl Cabbarov da bilməmiş deyil ki, BŞİH-in, FHN-in və digər orqanların razılığı olmadan tikinti şirkəti sözügedən ərazidə daşı daş üstünə qoya bilməzdi. Deməli hörmətli M.Cabbarov bilərəkdən, şüurlu şəkildə bu orqanların üzərinə gedir, onları qanunsuzluqda ittiham edir. M.Cabbarovun Nizami rayonu ərazisində təhsil müəssisəsinin ərazisinin zəbt olunması hesabına aparılan tikintini dayandırmağa gücü çatacaqmı, bunu zaman göstərəcək.

Hər halda yaxın günlərdə bu qarşıdurmanın kimin xeyrinə nəticələndiyini görmək imkanımız olacaq.AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.