Hakimə riyaziyyatı bilmək lazımdırmı? - MƏHKƏMƏ HAKİMLƏRİ HAQQINDA
2-10-2016, 12:57
(Dərc edilən yazılar faktiki olaraq qətnamələr əsasında hazırlanıb)
Qaradağ rayon məhkəməsində Rəşad Rafiq oğlu Mustafayev adında bir hakim var. Onun 2(002)-2947/2015 saylı iş üzrə çıxardığı qətnamə bu kürsüyə necə sahib olması adamda təəcüb doğurur, belə ki, həmin iş üzrə tələbkar cavabdehdən lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün lizinq ödənişlərindən yaranmış 1378 manat əsas borc və həmin borca görə hesablanmış 1108.97 manat penya, cəmi 2486.97 manat pul tələb etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə və izahatlarda tam aydınlıqla göstərilmişdir ki, avtomobil 222 gün cavabdehin sahibliyində və istifadəsində olub və bunlardan 190 gün ərzində cavabdeh gündə 21 manat hesabı ilə iddiaçıya 3990 manat pul verməli idi. Faktiki olaraq həmin dövr ərzində cavabdeh iddiaçıya cəmi 2612 manat verib, yəni 1378 manat az verib və bütün bunları təsdiq edən sənədlər iddiaçı tərəfindən hakimə təqdim edilib.
Təəcüblü də olsa, hakim Rəşad Rafiq oğlu Mustafayev 3990 manatdan 2612 manatı düzgün çıxa bilməyib və 1378 manat əvəzinə, necə olubsa, 568 manat nəticə alıb. Hakimin aldığı bu nəticəni heç bir sənədlə təsdiqləməyib və əldə etdiyi yanlış nəticəni əks etdirərək qərəzli və ədalətsiz qətnamə çıxarmışdır. Hakim Rəşad Rafiq oğlu Mustafayev bu qətnaməsi ilə iddiaçının qanuni hüquqlarını pozaraq ona qəsdən maddi ziyan vurmuş və eyni zamanda cəmiyyətdə çox mənfi nəticələr verən bir presendentin müəllifi olmuşdur (naxələf insanlar belə hakimlərə güvənərək addım başı bir-birini aldatmağa çalışır, xüsusən də avtobus və taksi sürücüləri).
Dövlət tərəfindən hakimlərə verilmiş səlahiyyətdən və toxunulmazlıqdan sui-istifadə edərək, hakimlər tərəfindən nəyə və kimə görəsə, məhkəmə araşdırmalarını səthi apararaq və səhlənkarlığa yol verərək bilə-bilə çıxarılmış bu cür ədalətsiz və qərəzli qətnamələr sayəsində işgüzar vətəndaşların və sahibkarların nüfuzlarına xələl gətirilir və sahibkarlıq fəaliyyətində onlara süni problemlər yaradılır.
Sual olunur : 1) ibtidai sinif səviyyəsində bir məchullu məsələni düzgün həll edə bilməyən (həll etmək istəməyən) bir hakim necə ədalətli və qərəzsiz mühakimə apara bilər? 2) Hakimin, vəzifə borcunu, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etməyərək, yeni , cəmiyyətdə neqativ halların artmasına səbəb ola biləcək presendent müəllifi olmağa səlahiyyəti varmı ?
Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 101-ci maddəsində göstərilir ki : Məhkəmə səhvləri nəticəsində proses iştirakçısına, yaxud işdə iştirak edən şəxsə dəymiş ziyana görə hakimlər öz xüsusi əmlakları ilə məsuliyyət daşımırlar. Bu ziyan qanunla müəyyən olunmuş hallarda və qaydada dövlət tərəfindən ödənilir.
Hesab edirəm ki, bu bənd qanundan çıxarılmalıdır və səhv edən hakim maddi məsuluyyət daşımalıdır. Belə olduğu halda Rəşad Mustafayev kimi hakimlər işraatlarında olan işlərə daha məsuliyyətlə yanaşar və mühakiməni ədalətli və qərəzsiz apararlar. Nə üçün hakimin vergi ödəyicisinə ( hər bir işləyən vətəndaş vergi ödəyicisidir) ziyan vurmalıdır, bu ziyan dövlət tərəfindən ödənilməlidir, hakim isə heç bir məsuliyyət daşımamalıdır ?
Qanunun 101-ci maddəsində geyd olunmuş hallar və qaydalar haqqında cəmiyyətə geniş məlumat verilməsi məqsədə uyğun olardı.
7News.az üçün
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!