FHN-in məmuru 40 min manat rüşvət istəməkdə ittiham olunur – FOTO, VİDEO
3-10-2016, 01:31
Göyçay RİH başçısının sərəncamı olduğu halda, FHN niyə sahibkarın müəssisəsini sökməkdə israrlıdır?
Göyçay rayonu, Bığır kənd sakini sahibkar Mayılov Çingiz Sabir oğlu bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edib.
O, Qafqaznews.az-ın elektron poçtuna göndərdiyi müraciətdə bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizlik Agentliyi tərəfindən ona süni əngəllər yaradılır, yoldaşının adına tikdirdiyi çörək zavodunun inşasını başa çatdırmağa imkan verilmir və bu işin “həll olunması” üçün ondan 40 min manat rüşvət tələb olunur.
“Göyçay rayonunda sahibkarlıq fəaliyyəti göstərib Azərbaycan dövlətinə töhfələr verirəm.Sahibkarlıq fəaliyyəti ilə məşğul olub hər ay vaxtlı-vaxtında dövlət vergisini ödəyirəm.Göyçay rayon ərzazisində böyük motelim, quşçuluq inkubatorum, çay evi və sairə isahibkarlıq obyektlərim hazırda fəaliyyətdədir.Sahibkarlıq fəaliyyətimi genişləndirmək üçün rayonda böyük bir çörək bişirmə zavodu inşa etdirmişəm ki, bura 500.000 manatdan çox pul xərcləmişəm.Buna görə də həmin zavodu işə salmaq üçün hazırda maddi imkanım yoxdur. Həmin çörək bişirmə zavodunda 70-80 nəfər işlə təmin ediləcək, çörəyin keyfiyyəti yüksək olacaq və qiyməti bazar qiymətindən ucuz olmaqla bir neçə rayonun əhalisinin təlabatını ödəmək gücündə olacaq.
Güzəştli kredit almaq üçün müvafiq qurumlara müraciətlər etsəm də həmin çörək bişirmə zavodunun kupçası olmadığı üçün alınmamışdır.Buna görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə müraciət etsəm də kupça verilməsindən imtina edilmişdir. Dəfələrlə buna görə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qəbulunda olmuşam ,ancaq hər dəfə düzələr deyə-deyə heç bir köməklik etməmişdir. Həmçinin qeyd edim ki, 2015-ci ildən bəri Fövqəladə Hallar Nazirliyi çörək bişirmə zavodunun tikintisini qanunsuz olaraq saxlatdırıb. Çünki razılıq üçün FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Asiman adlı rəis müavini məndən 40.000 manat pul istədi.Bunu təsdiq edən subutlarım da var. Buna görə şikayətlər etdim deyə hazırda FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb çörəkbişirmə zavodunun sökülməsini məhkəmədən xahiş edib. Məhkəmənin qətnaməsi ilə FHN-in iddiası əsassız olduğundan təmin edilməmişdir.
Bu boyda da haqsızlıq olmaz.Onlar özlərini bu ölkənin sahibi kimi aparırlar.Ancaq bilmirlər ki, Azərbaycan xalqının hörmətli İlham Əliyev kimi seçdiyi Prezidenti var.Buna görə də mən mətbuata müraciət etməyi qərara aldım.Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda sahibkarlıq inkişaf etmiş bunun üçün mütərəqqi qanunlar qəbul edilmişdir.Biz sahibkarların köməyi və ümid yeri ancaq cənab Prezidentdir.Bizim ailə Ümummilli Liderimiz Heydər Əliyevin siyasətini və həmin siyasi kursun layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin tərəfdarlarıyıq. Ailəmizdə hamımız Yeni Azərbaycan Partiyasının üzvüyük. İki övladım xarici ölkədə ali təhsil alırlar.Övladlarım da öz bilik və bacarıqları ilə Azərbaycana töhfələr verəcəklər”, – deyə müraciətdə bildirilir.
Biz Çingiz Mayılovla əlaqə saxladıq. O, bizə yazdığı məktubdakı sözləri bir daha təkrarladı və əlavə etdi ki, Asiman adlı şöbə müdirinin müavini ondan bu işin “həlli üçün” 40 min manat rüşvət istəyib.
“Dedi ki, mən də başqalarına verməliyəm. Endirə-endirə 7 mində razılaşdı, amma mən onu da verməyəcəyəm. Bu məmurlar məni süründürdülər, həm mənəvi, həm də maddi zərər vurdular. Özünüz məhkəmə sənədlərinə baxsanız görərsiniz ki, FHN TTNDA öz rəyini heç cür əsaslandıra bilmir. Zavodun tikintisinə 2013-cü ildən başlamışıq, amma bir ildir tikinti “naməlum səbəbdən” yarımçıq qalıb. Mən üzümü ölkə rəhbərliyinə tutub xahiş edirəm ki, sahibkarları incidən bu məmurlar barədə tədbir görülsün.
Şəki İnzibati-İqtisad Məhkəməsi, eləcə də Şəki Apellyasiya Məhkəməsi mənim lehimə qərar çıxarıb. Lakin indi agentliyin nümayəndələri Ali Məhkəməyə də getmək niyyətindədirlər. Mənə açıq-aşkar deyiblər ki, sənə burda zavod açmağa imkan verməyəcəyik. Mən səbəbini soruşuram, müxtəlif bəhanələr gətirilir. Çox güman ki, kimlərəsə sahibkarlığın çoxşaxəli inkişafı sərf etmir, ya da şəxsi maraqları gözlərini tutub, ölkənin mənafeyini düşünə bilmirlər”, – deyə Ç.Mayılov Qafqaznews.az-a qeyd etdi.
Biz Şəki İnzibati-İqtisad Məhkəməsinin qətnaməsinə baxdıq (Şəki Apellyasiya Məhkəməsinin bu günlərdə qəbul olunmuş qətnaməsi hələ tərəflərə çatdırılmayıb – red.). Həmin qətnamədə də qeyd olunur ki, Mayılova Minayə Seyidağa qızına 12 noyabr 2013-cü il tarixli, 85 saylı Sərəncamı ilə həmin ərazidə çörəkbişirmə zavodunu tikməyə icazə verilib. O da qeyd olunur ki, FHN TTNDA sözügedən Sərəncam barədə 25 dekabr 2013-cü ildən xəbərdar olub. Hakim Kənan Vəliyevin sədrliyi ilə qəbul olunmuş məhkəmə qətnaməsinə görə, FHN TTNDA 30 gün müddətində Göyçay RİH başçısının sərəncamı ilə bağlı məhkəməyə müraciət etmədiyindən, 12 noyabr 2013-cü il tarixli, 85 saylı Sərəncamı mübahisələndirmək imkanını itirib.
Biz sözügedən Asiman müəllimin də mobil nömrəsini əldə etdik və onunla əlaqə saxladıq. Bizə soyadını və vəzifəsini bildirməyən FHN məmuru bildirdi ki, Çingiz Mayılovun iddiaları əsassızdır.
“FHN-in mətbuat xidməti var, bütün suallarınızı ora ünvanlaya bilərsiniz.Mən heç nə deyə bilmərəm, onun bütün iddiaları əsassızdır, boş-boş cəfəngiyat danışır. O barədə bütün məlumatlar internetə qoyulub”, – deyə Asiman müəllim cavablandırdı.
Təəssüf ki, FHN-in mətbuat xidmətinin də mövqeyini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı.
Oxucularda sual yarana bilər: Görəsən, FHN-də “40 min manat rüşvət” iddiaları yoxlanılıbmı?
Araşdırmamız davam edir…