“İlk növbədə xaricdən gətirilən malların qiyməti qalxacaq” - Deputatdan rüsumlara reaksiya
3-10-2016, 14:29
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti ölkəyə gətirilən bəzi məhsullar üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib.
Bu siyahıya ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər daxildir. Sözügedən məhsulların 1 kiloqramına görə 1-3 dollar arasında, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar gömrük idxal rüsumu təyin edilib.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli sözügedən qərarı AzNews.az-a şərh edib.
Bildirib ki, idxal rüsumları ciddi araşdırmalar və hesablamalar əsasında həyata keçirilir: “Bir məhsul ölkədə daha çox istehsal olunubsa və istehsaldan da əlavə ixrac eləməyə imkan varsa, onda hökumət həmin məhsulların həm ölkə daxilində, həm də xaricə satmaq taktikasını həyata keçirir. İdxal rüsumlarını artırır ki, yerli istehsalçılar üçün normal şərait yaradılsın. Məsələn, hansısa məhsuldan tələbatın 120 %-i səviyyəsində istehsal olunur. Onun 100 %-i yerli əhalinin tələbatını ödəyir, 20 %-i isə xaricə satılır. Belə hallarda həmin rüsumlardan istifadə olunur. Amma hansı sahədə ki, yerli istehsal tələbatın 30 %-ini ödəyir, yerdə qalan 70 %-i isə xarici ölkələrdən gətirilirsə, belə məhsulların rüsumlarının artması qiymətin artırılmasına gətirib çıxardır. Bu, ilk növbədə xaricdən gətirilən malların qiymətinin artmasına gətirib çıxardacaq. Bir müddətdən sonra isə ölkədəki istehsal olunan malların qiyməti xaricdən gətirilən malların qiymətinin arxasınca sürünməyə başlayır. Bu da ümumi qiymət artımına gətirib çıxardacaq”.
Deputat qeyd edib ki, Nazirlər Kabineti və əlaqədar təşkilatlar mütəxəssisləri bu sahədə ciddi hesablamalar aparmağa başlayacaq.