Bank gəncin çörəkpulunu kəsdi – Səbəb - VİDEO
7-10-2016, 15:42
Azərbaycanda banklar aylıq ödənişi gecikdirən müştərilərə qarşı qanunsuz addımlar atmaqda davam edir.
Axar.az xəbər verir ki, belə hadisələrdən biri Bərdədə məskunlaşan məcburi köçkün Nizaməddin Məmmədovun başına gəlib. O, bir neçə ay öncə kredit götürən müəllim həmkarına zamin durub. Həmin şəxs aylıq ödənişi gecikdirdiyindən Nizaməddin Məmmədovun çörəkpulu kəsilib. Maraqlısı budur ki, cəmi 1 aydır banka borcunu ödəməyən müştəri məhkəməyə verilmədən, hər hansı qərar qəbul edilmədən onun və zaminin əməkhaqqı hesabından və çörək pulundan borc məbləği çıxılıb.
Üstəlik, N.Məmmədovun müavinət hesabında qarşıdakı ayların ödənişinə də mənfi işarəsi qoyulub. Yəni zamin durduğu adamın əvəzinə hər ay onun çörəkpulu kəsiləcək. Hüquqşünas Anar Ramazanlı Xəzər xəbər-ə açıqlamasında bankın qanunsuzluğa yol verdiyini deyib. Onun sözlərinə görə, borcluya, eyni zamanda zaminə qarşı qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdursa, bank kredit müqaviləsində nəzərdə tutulan məbləği nə borclu, nə də zaminin digər gəlirlərindən götürə bilər.