“Rusiya bizə hədə-qorxu gəlirdi ki, Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak etməyək”
7-10-2016, 15:47
Bakıda “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans çərçivəsində "Azərbaycan yolların kəsişməsində: Regional baxış" sessiyası keçirilib.
APA-nın məlumatına görə, sessiyanın moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmirə Rzayeva olub.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski çıxışında bildirib ki, Azərbaycan üçün işğal olunmuş torpaqların azad edilməsi, məcburi köçkünlərin torpaqlarına qaytarılması vacibdir: “Son illər Azərbaycan xüsusən humanitar sahədə beynəlxalq təşəbbüslərin müəllifidir. 2011-ci ildən etibarən prezident İlham Əliyevin sərəncamı ilə iki ildən bir Bakıda Beynəlxalq Humanitar Forum keçirilir. Hazırda Azərbaycan dünya birliyinin nüfuzlu üzvüdür. Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələr də Azərbaycan xarici siyasətində mühüm yer tutur”.
Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Yerlan Karin Qazaxıstanda Azərbaycanın islahatlar sahəsində təcrübəsinin öyrənildiyini və istifadə edildiyini söyləyib: “Azərbaycan unikal mədəni dəyərlərini qoruyub, eyni zamanda müasir və inkişaf edən bir ölkədir. Bir çox ölkələr buna nail ola bilmir”.
Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun baş elmi işçisi Giorgi Badridze Azərbaycan və Gürcüstanın bir-birindən asılı olduğunu vurğulayıb: “1990-cı illərdə Azərbaycan və Gürcüstan sabit, demokratik dövlətlər qurmaq niyyətində idi. Ancaq eyni mərkəzdən idarə olunan separatçı hərəkatlarla qarşılaşdıq. Biz başa düşdük ki, yalnız bir yerdə müstəqilliyimizi qoruya, dünya iqtisadi və siyasi arenasında yer tuta bilərik. Bakı-Tbilisi-Ceyhan neft kəməri tək iqtisadi layihə deyildi. Bu gün tədbirdə ABŞ-a qarşı tənqidlər eşitdim. Mən 1990-cı illərdə Gürcüstan hökumətində təmsil olunurdum, layihə ilə bağlı danışıqlarda iştirak edirdim. ABŞ bu layihənin həyata keçirilməsində mühüm rol oynadı. Rusiya isə bizə hədə-qorxu gəlirdi ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində iştirak etməyək. Mən çox istərdim ki, rusiyalı həmkarlarımızla bir-birimizə yaxşı sözlər deyək. Lakin hələ də Kremldə qonşu dövlətlərin müstəqilliyi qəbul edilmir. Avropa İttifaqı regionda sabit dövlətlərin olmasını istəyir. Buna nə dərəcədə nail ola bilməsi başqa məsələdir. Burada Sergey Markov Rusiyanın Ukraynada işğala təhrik edildiyini əsaslandırmağa çalışdı. Əslində isə Rusiya Ukrayna prezidenti Viktor Yanukoviçi Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaqdan imtinaya məcbur etdi və bununla da Ukraynada böhran başladı. Bu da Rusiyanın qonşu dövlətlərə qarşı siyasətini göstərir”.
G. Badridzenin fikrincə, Azərbaycan və Gürcüstan arasında əlaqələr Orta Asiya dövlətləri üçün nümunə olmalıdır: “Azərbaycanın qurduğu infrastruktur Orta Asiya dövlətləri üçün geniş imkanlar yaradır. Orta Asiya dövlətləri müstəqilliklərinin qorunması və iqtisadi inkişafları üçün bu imkandan istifadə etməlidirlər. Mən bu baxımdan TANAP-ı qeyd etmək istəyirəm. Orta Asiya dövlətlərinin Rusiya ilə münasibətlər qurmasının əleyhinə deyiləm, ancaq bu ölkələr müstəqilliklərini qorumaq və iqtisadiyyatlarını sürətlə inkişaf etdirmək istəyirlərsə, Qərb dövlətləri ilə iqtisadi əlaqələri gücləndirməlidirlər. Azərbaycan bu imkanı yaradıb”.
Türkmənistanın xüsusi tapşırıqlar üzrə səfiri Murad Nazarov Türkmənistan və Azərbaycanın böyük neft-qaz resurslarına malik olduğunu söyləyib: “Biz Türkmənistan və Azərbaycan arasında əməkdaşlığın böyük potensialı olduğuna əminik. İki ölkə arasında mədəniyyət, təhsil sahəsində əməkdaşlıq güclənir. Hər iki dövlət turizmin inkişafı sahəsində böyük potensiala malikdir. Türkmənistan Azərbaycanla müştərək investisiya layihələrinin həyata keçirilməsində maraqlıdır. Türkmənistan və Azərbaycan xalqları coğrafi və etnik baxımdan yaxındır, ənənələr, dil yaxındır. Bu da əməkdaşlıq üçün geniş imkanlar açır”.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev Azərbaycanın regional siyasəti barədə danışıb.
Müzakirələrdən sonra SAM-ın direktoru Fərhad Məmmədov yekun çıxış edib.