Deputat Mirzəcan Xəlilova daha bir borc ittihamı

12-10-2016, 11:08           
Deputat Mirzəcan Xəlilova daha bir borc ittihamı
Usta Rizvan Şükürov: “O, bizim də 12800 manat borcumuzu vermir”
Laçın rayon sakini Zülfüqar Əliyev adlı şəxsin Milli Məclisin deputatı, “Azərsutəchizattikinti” ASC-nin sədri Mirəzəcan Xəlilovdan şikayəti “Yeni Müsavat”da dərc olunduqdan sonra redaksiyamıza daha bir usta briqadasının iki nümayəndəsi gələrək deputatdan şikayətləniblər. Rizvan Şükürov və Vasif Həsənov adlı şəxslər şikayətlərinin yuxarı instansiyalara çatması üçün “Yeni Müsavat”da dərc olunmasını xahiş ediblər.

Ağdam rayonundan olduğunu bildirən Rizvan Şükürovun dedikləri: “Qəzetdə Mirzəcan Xəlilovdan şikayətin yazıldığını oxuduq və qərara gəldik ki, biz də redaksiyaya gəlib dərdimizi çatdıraq. Bəlkə müvafiq dövlət orqanlarının rəhbərləri bizə kömək etsinlər. Mənim rəhbərlik etdiyim 6 nəfərlik briqada Mirzəcan Xəlilovun Novxanıdakı villasının içərisində malyar, alçipan, ”poduqa" işini işləyib. Adlarını da çəkə bilərəm- Qafur Həsənov, Vasif Həsənov, Vüqar Hüseynov, Şahmalı Səmədov, Fəxri Xanlarzadə. Mirzəcan müəllimin şəxsən özü ilə qiymət razılaşmamız olub. 2014-cü ilin iyun ayında işə başlamışıq. Bir il sonra işi yekunlaşdırıb təhvil vermişik. İş kvadratla ölçülüb hesabatı gedib, bəlli olub ki, 79 min 8 yüz 50 manat zəhmət haqqı edir. Mirzəcan Xəlilov həmin məbləğin 12800 manatını borclu qalıb. Bu günə qədər həmin borcu vermir. Neçə dəfə ofisə yanına getmişəm, pulu verməkdən imtina eləyib. İşi Mirzəcan müəllimlə mən danışdığım və briqadir olduğum üçün ustalar zəhmət haqlarını məndən tələb edirlər. Mirzəcan müəllim isə qalan pulu vermədiyi üçün ustalarla üz-göz olmuşam. Bu problemlə bağlı Milli Məclisin sədri Oqtay Əsədova, baş prokuror Zakir Qaralova rəsmi ərizə də yazmışam. Ancaq hələ ki nəticə yoxdur. Ölkə rəhbərliyindən artıq dərəcədə xahiş edirəm, deputat Mirzəcan Xəlilova bizə olan borcunu ödəməsi üçün təsir göstərilsin".

Cəlilabad rayonundan olan Vasif Həsənov isə villada malyar işi üzrə usta işlədiyini bildirdi: “Mirzəcan Xəlilovun verməli olduğu 12800 manatdan mənə də zəhmət haqqı olaraq müəyyən məbləğ çatmalıdır. Mən də xahiş edirəm borcumuzun verilməsinə köməklik göstərilsin. Bizim Mirzəcan müəllimlə heç bir qərəzimiz, düşmənçiliyimiz yoxdur. Zəhmət haqqımızdan artıq bir manatı da bizə lazım deyil. İşləmişik, pulumuzu axıradək versin”.
Xatırladaq ki, ötən həftə redaksiyamıza müraciət edən Zülfüqar Əliyev adlı briqadir də 2013-cü ildə briqadiri olduğu 20 nəfərlik usta-fəhlə heyəti ilə Mirzəcan Xəlilovun Novxanıdakı villasında fasadın təbii daş örtüyü ilə üzlənməsi üçün işə başladıqlarını, 2014-cü ilin may ayına qədər işlərin 90 faizə yaxınının görüldüyünü, Mirzəcan Xəlilovun ona 55 min manat borcunu hələ də vermədiyini bildirmişdi. Z.Əliyev 2014-cü ilin mayında M.Xəlilovun onu yox etməklə hədələdiyini, eyni zamanda 2016-cı ilin mayında tutdurmaq üçün məhkəməyə də verdiyini demişdi.

Deputat Mirzəcan Xəlilov isə dünən modern.az-a açıqlamasında bildirib ki, Zülfüqar Əliyevin onun haqqında dedikləri şər-böhtandır: “Axı nəyə görə 2013-cü ildə görülmüş iş haqqında indi məsələ qaldırırlar? Adama deyərlər ki, sən bu 3 ili harada yatmışdın? İndi Mirzəcan Xəlilov deputat olub deyə, Zülfüqar Əliyev də şantaj, şər-böhtan yolu ilə pul almaq istəyir.

Mən 2013-cü ildə özümə ev tikdirəndə heç deputat da deyildim, sadə bir adam idim. Zülfüqar Əliyev elə o zaman gələrdi və nə problemi var idisə, üzbəüz oturub həll edərdik.

Artıq Zülfüqar Əliyevi Ağdam Rayon Məhkəməsinə vermişik. Ədliyyə Nazirliyinin Ekspertiza İdarəsi də gəlib evdə hansı işlərin görüldüyü ilə tanış olacaq. Həmin vaxt mənə şər-böhtan yağdıran Zülfüqar Əliyev də, digər fəhlə və ustalar da iştirak edəcək.

Qoy Zülfüqar göstərsin ki, mənim evimdə hansı işləri görüb. Zülfüqar Əliyev özü etiraf edir ki, məndən 160.000 manat pul alıb. Amma 160.000 manatdan sonra biz özümüz onun 20.000 manat borcunu bağlamışıq.

O, bu gün 160.000 manatı ortalığa qoysun. Bilək, görək ki, o qədər məbləğin qarşılığında hansı işləri görüb kimə və hara verib. Bizim heç bir usta və fəhləyə borcumuz qalmayıb, hamısını bağlamışıq. Zülfüqarın özü mənə 55.000 manat pul borcludur. Pullarımı yedi qaçdı, işləri də yarımçıq qoydu".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.