“Quşbaz” ləqəbli narkotik alverçisi saxlanılıb - FOTO, VİDEO
13-10-2016, 09:56
Şəmkirdə “Quşbaz” ləqəbli narkobaron saxlanılıb.
ARB Kəpəz xəbər verir ki, əsas peşəsi bənnaçı olan 57 yaşlı Səyyad Hüseynovun ev quşları ilə yanaşı narkotik tərkibli bitkiləri əkib-becərməyə də maraq göstərib.
“Quşbaz” ləqəbli Çinarlı qəsəbə sakini əldə etdiyi məhsulu isə evinin çardağında qurudurmuş. Lakin Şəmkir polisi onun bu marağının davamlı olmasına imkan verməyib. Səyyad Hüseynovun evinə keçirilən baxış zamanı həyətyanı sahədən hündürlüyü 170 santimetrə çatan çətənə kolları və qurudulmuş halda olan marixuana aşkarlanıb.
Bəxtiyar Rəhimov - baş müstəntiq deyib: “Hüseynov Səyyad Allahverdi oğlunun həyətindan əkilib becərilməsi qadağan olunan 2 ədəd narkotik tərkibli bitki aşkarlanıb. Bundan başqa onun evinin çardağından 2 kiloqram 975 qram qurudulmuş marixuana da götürülüb”.
Saxlanılan şəxs narkotik bitkilərə aqrotexniki qaydada qulluq da göstərib. Yetişdirdiyi məhsuldan isə ehtiyacını ödəmək üçün istifadə edən “Quşbaz” qurutduğu marixuananın keyfiyyətsiz olmasından da gileylənib.
Səyyad Hüseynov- saxlanılan şəxs: “Gördüm ki, həyətdə bitib. Mən də dibini boşaldıb su və peyin verdim. Özüm çəkəniyəm onun üçün. Ancaq evdə saxladığım o qədər də yaxşı deyildi. Bir dəfə çəkdim gördüm istədiyim effekti vermir. Tullaycaqdım, yadımdan çıxıb orada qalıb”.
Qeyd edək ki, 3 uşaq atası olan Səyyad Hüseynovun bu sayca ikinci cinayətidir. Onun ilk məhkumluğu da eyni əməlinə görə olub.