“Temu” göndərişlərini yoxlamaq üçün xüsusi nümayəndə ayrıldı

Bu gün, 00:02           
“Temu” göndərişlərini yoxlamaq üçün xüsusi nümayəndə ayrıldı
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə Çinin ən böyük elektron satış platformalarından olan “Temu” rəsmiləri arasında görüş keçirilib.

Görüşdə son zamanlar bu platforma üzərindən Azərbaycana birbaşa daşımalarla bağlı vətəndaşların narahatlığının artması və narazılığının tez bir zamanda araşdırılaraq aradan qaldırılması üçün zəruri addımlardan danışılıb.

Həmçinin İKTA və “Temu” arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri əsas müzakirə mövzusu olub.

Bildirilib ki, tənzimləyici qurum olan İKTA xaricdən birbaşa daşımalarda həm vətəndaşların, həm də sahibkarlıq subyektləri olan poçt rabitəsi operatorlarının mənafelərinin qorunmasında maraqlıdır. Bu baxımdan yaranan şikayətlər sürətlə araşdırılmalı və operativ həll edilməlidir.

Qarşı tərəf də öz növbəsində müştəri məmnuniyyətinə xüsusi önəm verdiyini və bu kimi problemlərin qısa zamanda aradan qaldırılması üçün Azərbaycanın tənzimləyici qurumu ilə əməkdaşlıqda maraqlı olduğunu açıqlayıb.

Görüşdə həmçinin belə müzakirələrin davamlı aparılması qərara alınıb.

“Temu” rəsmiləri eyni zamanda, İKTA vasitəsilə daxil olan müraciətlərin operativ və obyektiv araşdırılması üçün Azərbaycanın poçt xidmətləri üzrə tənzimləyici qurumu ilə təmaslar quracaq xüsusi koordinatorun müəyyən olunacağını bildiriblər.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl İKTA vətəndaşlar tərəfindən bağlamaların ünvana çatdırılması ilə bağlı daxil olan şikayətlərin artması səbəbindən poçt rabitəsi operatorlarına xəbərdarlıq edib. Bu məqsədlə müvafiq poçt rabitəsi operatorlarının rəhbər şəxsləri İKTA-ya dəvət edilib və qeyd edilən şikayətlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı mövcud qanunvericiliyin tələbləri bir daha xatırladılıb və nöqsanların qısa zamanda aradan qaldırılması tələb edilib.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.