Banklar biznes kreditləşməsini 14% artırıb
Bu gün, 17:04

Bu il fevralın 1-nə Azərbaycan banklarının kredit portfelinin 53,5 %-ni və yaxud 14 milyard 709,9 milyon manatını biznes kreditləri təşkil edib.
İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 0,5 % azdır.
Son 1 ildə isə banklar biznes kreditləşməsini 13,9 % artırıb.
Biznes kreditlərinin 28,7 %-ni və yaxud 4 milyard 220,3 milyon manatı ticarət müəssisələrinə verilmiş kreditlər (1 il əvvələ nisbətən 16,4 % çox) təşkil edib. İl ərzində sənaye sektoruna verilən kreditlər 0,8 % artaraq 2 milyard 690,1 milyon manata, digər qeyri-istehsal və xidmət sahələrinə verilən kreditlər 16,8 % artaraq 2 milyard 553,8 milyon manata, kənd təsərrüfatı sektoruna verilən kreditlər 16,2 % artaraq 1 milyard 776,5 milyon manata, nəqliyyat sektoruna verilən kreditlər 18,5 % artaraq 1 milyard 473,4 milyon manata, tikinti sektoruna verilən kreditlər 3,8 % artaraq 1 milyard 372,1 milyon manata, informasiya və rabitə sektoruna verilən kreditlər 83,4 % artaraq 623,7 milyon manata çatıb.
Bu il fevralın 1-nə bankların krediti portfeli illik müqayisədə 0,1 % artaraq 27 milyard 514,7 milyon manat olub. Portfeldə istehlak kreditləri 31,1 % artımla 8 milyard 551,7 milyon manat, ipoteka kreditləri isə 15,4 % artımla 4 milyard 253,1 milyon manat təşkil edib.