Kardiologiya İnstitutunda nə baş verir? - İTTİHAM VAR
17-10-2016, 12:15
...Maarif Orucovla keçən ilin noyabrında Bakı Sağlamlıq Mərkəzində eyni palatda yatırdıq. Sabirabad rayonundan olan, hazırda ailəsi ilə Badamdarda tikdiyi kasıbyana evində yaşayan 49 yaşlı bu insan bir sıra daxılı xəstəliklərdən, o cümlədən ürək çatışmazlığından əziyyət çəkir. Damarlarına 3 stend qoyulub. Halı tez-tez pisləşir.
***
Bu yaxınlarda yanıma gəldi. Məndən 200 manat borc istədi. Dedi ki, əlillik qrupu üçün müraciət edib, göndəriblər Səhiyyə Nazirliyinin Kardiologiya Elmi-Tədqiqat İnstitutuna müayinəyə. Burda isə həkim ondan rüşvət istəyib, o da məcbur qalıb borc-xərc etdiyi 600 manatı verib. Həkim onu stasionar xəstə kimi palataya yazsa da orada yatırtmayıb, müəyyən müayinələr edib, vəssalam! Müddət başa çatandan sonra isə daha 200 manat istəyib... Dediyinə görə nə qədər yalvar-yaxar etsə də xeyri olmayıb. 200 manat gətirməsə epikrizi verməyəcəyini bildirib.
***
...Maariflə birlikdə Səhiyyə Nazirliyinin Kardiologiya Elmi-Tədqiqat İnstitutuna getdik. Tibb elmləri doktoru olan həkimlə görüşdük... Həkimə dayioğlum olduğunu dedim. Bildirdim ki, pulu yoxdur, məndən borc istəyir, mənim də yoxumdur, kasıb, xəstə adamdır, insanpərvərlik edib kağızını verin, – dedim.
Mənə baxdı, nədənsə ehtiyatlanaraq – Tibb bacısının, sanitarkanın puludu – dedi, sonra kağızları eşələyib epikrizi tapdı və ona verdi.
Qəlb xəstəsi epikrizini alıb həkimə dua etdi. O isə öz həkimlik borcunu unudaraq xəstəni borclu çıxartdı:
-Ömrü boyu borclu qaldınız də, həyatı boyu gecə yatanda da fikirləşməlidi... Özü bilər...
Qəribədir, dövlətin vəsaiti ilə yaradılan, büdcədən maliyyələşən, vətəndaşlara pulsuz xidmət göstərməli olan bu səhiyyə ocağında xəstəyə qarşı açıq-aşkar soyğunçuluq edilir. Bu, biabırçılıq olmaqla yanaşı, qatı cinayət əməli deyilmi? Mənə elə gəlir, bu cür hallara sehrçi qalmaq peşəkar bir jurnalist kimi, ölkə vətəndaşı kimi mənim üçün də bağışlanmaz hal olardı.
Sonda: ey adını həkim qoyan, elmlər doktoru sayan ağxalatlı! Bir-iki cümlə yazıdan ötrü yazıq, kasıb adamdan belə natəmiz pulları təkidlə alıb ailənə necə xərcləyirsən? Haramla böyütdüyün övladların bu vətən üçün halal vətəndaş ola biləcəklərmi?! Xəstəmi sənə ömür boyu borclu qaldi, yoxsa sənmi ona? Əlbəttə, sən ona, ən azından 600 manat borclusan! Narazılıq edərək hələ bir xəstəni borclu çıxardığına görə bu borcu o yazığa qaytarmasan, gələn dəfə adını da, soyadını da açıqlayası olacağam. Özün bil! Ölkənin Prezidenti cənab İlham Əliyev rüşvətxorluğa, halal olmayan əmələ "Yox!!!" deyir, sən isə...
İnanıram ki, səhiyyə naziri Oqtay Şirəliyev, Baş prokuror Zakir Qaralov bu video-faktın araşdırılıəb ciddi tədbir görülməsini təmin edəcəklər...
Eldar İsmayılov, əməkdar jurnalist \\Təzadlar\\