"Maşın baqajında, metro çıxışında "kənd toyuğu" adı altında satılan məhsullara nəzarət zəifdir" - FAKT BUDUR!
Bu gün, 07:15

Bəzən mağazalarda, səyyar ticarətdə, kiçik marketlərdə üçü on manata satılan “kənd toyuğu” adı ilə satılan toyuqlar qarşımıza çıxır. Əti kənd toyuğu kimi sarıya çalan bu toyuqların mənşəyi bilinməsə də, çox zaman istehlakçılar “ən azından bilirik toyuq ətidir” deyib, bu toyuqlara üstünlük verirlər.
Açıq şəraitdə satılan toyuqlar hardan gətirilir ki, bu qədər ucuz satılır?
"Ucuz"luğu ilə müştərini cəlb edən "kənd" toyuqları sağlamlıq üçün təhlükəlidirmi?
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, toyuğun yetişdirilməsi çərçivəsində üç cür toyuq olur: “Tam azad toyuqlar, yəni onlar səhər buraxılır, istədiyi kimi dənlənir və onlara arpa, buğda, yem verilir. Yarı-azad toyuqlar bunlar da hava altında olurlar. Onların qalmaq üçün yerləri üstü örtülü olur, gəzmək üçün hasarın içində açıq havada olurlar. Əksər hallarda broiler yemi, arpa, buğda ilə qidalanırlar. Bir də tam qapalı toyuqlar var. Bunlar broyler toyuqlardır tam qapalı şəraitdə saxlanılırlar. Broyler toyuqların içərisində növlərdən biri yumurtalıq toyuqlardır. Yumurtalıq toyuqlar uzun illər yumurta verirlər, sonra yumurtadan tamam kəsilirlər. Bundan sonra onlar artıq yaşlanmış toyuqlar olur. Onların ətləri də həddindən artıq bərk olur, amma təhlükəli olmur. Adətən belə toyuqların ətləri kolbasa-sosiska istehsalına gedir. Lakin bəzən bu toyuqları kəsib bazara çıxarırlar”.
Eyyub Hüseynov qeyd edib ki, onlarda olan məlumatlara görə, həmin yumurtadan kəsilmiş toyuqlar da broylerlərdən çıxarılıb, “kənd toyuğu” adı altında satılır.
“Bizdə olan məlumatlar belədir. Eləcə də bu cür toyuqların Ukraynadan gətirilməsi barədə fikirlər də var. Yəni yumurtalıq toyuqların artıq əti bərkiyib. Onlar kənd toyuğuna bənzəyir və bu cür üçü 10 manata satılan toyuqlar var. Bunlar ciddi marketlərdə satılmır. Maşının arxasında, baqaj yerində, metro çıxışlarında, küçə ticarətində və ara marketlərdə satılır”-deyə Eyyub Hüseynov əlavə edib.
Ekspert təəssüflə bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi bu sahəni hələ əhatə edə bilmir. Eyyub Hüseynov uyğun şəraitdə saxlanılmayan bu cür toyuqlardan insanların uzaq olmasını tövsiyyə edir.