Azərbaycanlılar niyə pul yığa bilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:09

2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9241,2 milyon manatlıq, o cümlədən 5066,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4174,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 6,2 faiz artıb.Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 15,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 451,8 manatlıq, o cümlədən 247,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 204,1 manatlıq qeyri-ərzaq malları alınıb.
2026-Beləliklə, bu gün ölkədə ən çox pul ərzağa xərclənir. Bu, əhalinin ərzağa olan tələbatının çoxluğundan, yoxsa ərzağın baha olmasından irəli gəlir?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli "Cebheinfo.az"-a bildirib ki, Azərbaycanda insanların ay ərzində xərclədiyi vəsaitin 80-90 faizi ərzağa sərf olunur:
"Dövlət Statistika Komitəsinin elan etdiyi 50 faiz rəqəmi siyasi rəqəmdir. Avropada əhalinin ərzağa xərclədiyi vəsait 40-50 faiz arasındadır. Ancaq Azərbaycanda 80 faizdən yuxarıdır. Əhalinin gəliri az, ərzağın isə qiyməti ona baxanda çox bahadır. Məsələn, bu gün kommunal xidmətləri hesablayanda, 4 nəfərdən ibarət ailə üzvü ayda təxminən 150 manat ödədiyi məlum olur. Digər tərəfdən, bütün ərzaq məhsulları gündən-günə bahalaşır. Həm də bu bahalaşma heç vaxt geri dönmür. Ona görə ki, ölkədə qiymətləri monopoliya, inhisar müəyyənləşdirir. Məmurlar vəzifədən getsə də, biznesmenlikləri qalır. Ona görə də əsas səbəb inhisarçılıqdır. İnhisarçılıqda qiymətin ucuzlaşması söhbəti yoxdur, yalnız bahalaşma var".
Ekspertin sözlərinə görə, ölkəyə idxal olunan məhsulların bahalaşması gömrük rüsumları ilə də bağlıdır:
"Dövlət Gömrük Komitəsi elan edir ki, ötən ilkinə nisbətən 20-30 faiz daha çox gömrük rüsumu yığılıb. Artıq yığılan vəsait həmin məhsulları alan əhalinin cibindən çıxır. Ona görə də əhalinin xərci artır. Əhalinin gəlirinin əksəriyyəti ərzağa gedir. Bizim nə ehtiyata qoymağa pulumuz, nə də bir konsertə, teatra getməyə vaxtımız var. Qazandığımız ancaq yediyimizə çatır. Şəxsən mənim ailəmdə 4 nəfər işləyir, ərzaqdan başqa heç nəyə pul xərcləmirik, yığıma heç nə qoya bilmirik. Bu, Avropada yoxsulluğun bir kriteriyasıdır. Əhali əgər gəlirlərinin 60 faizindən çoxunu gündəlik tələbata xərcləyirsə, demək, o vətəndaş kasıbdır və dövlət ona yardım verir. Ancaq Azərbaycanda kasıblıq həddinin ölçülməsində o kriteriya yoxdur".