Astara sakini həyətinin meyvəsini nisyə satdı, aylardır pulunu ala bilmir - MÜRACİƏT
27-03-2025, 10:44

Astara rayonu, Şiyəkəran kənd sakini Qəhrəmanov Hacı Hüseyn Hüseynəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edir:
“Cənab Prezident!
Cənab Nazir!
Mən, Qəhrəmanov Hacı Hüseyn Hüseynəli oğlu, diqqətinizə çatdırım ki, uşaq yaşlarımda atamı itirmişəm, hazırda 74 yaşım var. Hər zaman halal zəhmətimlə yaşamışam.
Həm dövlət işində işləmişəm, həm də ailəmlə birlikdə təsərrüfat sahəmdə kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi ilə məşğul olmuşam. Hazırda təqaüdçüyəm.
Yetişdirdiyimiz məhsullarımızı satıb, gün-güzaranımızı keçiririk. 5 övlad böyüdüb boya-başa çatdırmışam. Həyat yoldaşım 10 ildən çoxdur ki, insult keçirib və yataq xəstəsidir.
Son zamanlar bəzi işbazlar insanların etimadından, ehtiyacından istifadə edərək, onları aldadırlar. Bir il zəhmət çəkib yetişdirdiyimiz məhsulları nisyə alaraq aradan çıxırlar.
Lənkəran rayonu, Təngivan kənd sakini Şamilov Aqil Dövlət oğlu 2023-cü ilin noyabr ayında əzab-əziyyətlə yetişdirdiyimiz və bizdən nisyə aldığı sitrus məhsulunun dəyərinin 1 600 (min altı yüz) manatını bu günə qədər ödəməyib. Bir daha qeyd edim ki, ailəmizin dolanışığının bir qismini satdığımız sitrus məhsullarından təmin edirik. Ağacların ildə bir neçə dəfə dərmanlanmasından suvarılmasına, gübrələnməsindən soyuqdan qorunmasına qədər xeyli vəsait sərf edirik ki, təsərrüfatımızı saxlaya bilək. Bizi aldadıb pulumuzu verməyən Şamilov Aqil Dövlət oğlu barəsində qurumlarınızın rayon şöbəsinə müraciət etsəm də, heç bir nəticəsi olmamışdır.
Xahiş edirəm ki, Şamilov Aqil Dövlət oğlunu mənə olan borcunun ödənilməsi ilə bağlı müvafiq qurumlara göstəriş verəsiniz”.
Məsələ ilə bağlı Şamilov Aqil Dövlət oğlu ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.