MTN çetesi "balaca padşahlar"ı "tas"a oturdubmuş...
20-10-2016, 00:06
“MTN işi” ilə bağlı Moderator.az-a ilginc informasiya daxil olub.
Etibarlı mənbədən daxil olan məlumata görə, sabiq nazir Eldar Mahmudov və dəstəsi yalnız ayrı-ayrı məmur və iş adamlarından deyil, ölkədəki əksər icra hakimiyyətlərindən də aylıq haqq alıb. İcra hakimiyyətləri üzərinə qoyulan aylıq tas onların “gücünə”, “gəlir səviyyəsinə” görə müxtəlif olub.
Bilgili qaynağın sözlərinə görə, MTN yetkililəri onların bu tələbinə müqavimət göstərən, yaxud istədikləri məbləğdə pul ödəmək istəməyən icra başçılarının iradəsini şantaj və hədə-qorxu yolu ilə qısa zamanda qıraraq demək olar ki, əksər başçıları özünə tabe etdirə bilib. Tərəddüd edən icra başçılarına “biz həyatımızı riskə atırıq, canımızdan keçirik, siz oğurladıqlarınızın bir hissəsindən keçmirsiz” deyən E.Mahmudovun qoçuları icra başçılarına “isti yerdə oturub rahat pul yığdıqları” üçün məhz MTN-ə, onun xidmətlərinə borclu olduğunu xatırladıb. Habelə icra başçılarına bildirilib ki, MTN hər ay ölkə daxilində təxribat-diversiya törətmək istəyən xarici dövlətlərin xüsusi xidmət orqanlarının saysız-hesabsız hücumlarının qarşısını alır ki, icra hakimiyyətlərindən yığılan pullar bu əməliyyatların həyata keçirilməsinə sərf olunur.
Mənbənin məlumatına görə, MTN-nin təzyiqləri xeyli sayda icra başçısının bu qurumun çətiri altına keçməsinə, onlara hər ay mütəmadi surətdə qeyri-qanuni vəsait ödəməsinə səbəb olub. Hansı ki, onların içərisində bəzi icra başçıları MTN-lə yaxınlıqdan müxtəlif məsələlərdə heç də az faydalanmayıb...