Bakı sakinlərinin nəzərinə: Bu evlər də sökülə bilər - DİQQƏT
Dünən, 10:26

“Xocəsəndə eyni küçədə olan 10 evdən ikisi kupçalıdır. 8-nin isə heç bir sənədi yoxdur”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli Reaksiya TV-də deyib.
Onun sözlərinə görə, həmin 2 mənzil sahibi müəyyən rüşvət qarşılığında kupça əldə edə bilib:
“Birdəfəlik 500 min insana amnistiya elan olunsa, bu məsələ kökündən bitər. Bunun ardınca çox sərt qanunlar qoyula bilər. Məsələn, qeyri-qanuni tikinti aparan şəxslər həbs edilsin. Bu gün 3-5 rüşvətxora görə bəzi evlər sənədləşdirilmir. Fərdi evlərdən əlavə, yüzlərlə bina var ki, insanlar çıxarış ala bilmir. O binaların tikintisi də yalnız bir icra başçısını deyil, böyük maraq qruplarını əhatə edir”.
İqtisadçı xatırladıb ki, Prezident İlham Əliyev sözügedən məsələnin həllini tapması istiqamətində Nazirlər Kabinetinə göstəriş verib:
“Çünki bu həm də siyasi məsələdir. Çıxarışı olmayan vətəndaşların, deməli, qeydiyyatı da yoxdur. Səs verə bilmirlər, imza toplamaq olmur. Soncu bələdiyyə seçkilərində bu halın şahidi olduq. REAL partiyasından namizədliyini irəli sürən şəxs zəng edib deyir ki, Müşfiqabad qəsəbəsində 80-ci qapını döyürəm, amma qeydiyyatı olan bir nəfər də yoxdur. Sözügedən proses dövlət büdcəsinə də ciddi ziyan vurur. Hazırda insanların mülkiyyət hüququ pozulub”.
Natiq Cəfərli qeyd edib ki, çıxarışı olmayan evlərin hər zaman sökülmə ehtimalı var:
“Vətəndaşların çətin vəziyyətə düşməməsi üçün azərbaycan məhkəmələrində əmsal qərar olmalıdır. Kupçası olmayan insanlar həmin qərara istinad etməlidirlər. Bununla da həmin rüşvətxor məmurun ağzına vurub geri göndərə bilər”.