Dənizçilik Kollecində gərginlik yaşanır - İTTİHAM VAR
21-10-2016, 16:26
Bu günlərdə redaksiyamıza daxil olmuş növbəti məlumatda bildirilir ki, yeni tədris ilinin başlanmasından hələ az bir müddət keçməsinə baxmayaraq, Azərbaycan Dənizçilik Kollecində kollektivdaxili münasibətlərdə yüksək gərginlik müşahidə olunmaqdadır. Buna səbəb isə, kollecin direktor müavini Arzu Əliyevanın öz işində yol verdiyi ciddi qanun pozuntularına davam etməsidir. İddialara görə, direktor müavininin özbaşınalıqları bir tərəfdən müəllim-tələbə münasibətlərinin, digər tərəfdən də kollecin müəllimləri ilə rəhbərlik arasında mövcud münasibətlərin arzuolunmaz bir səviyyəyə düşməsinə yol açmışdır. Qeyd edək ki, əvvəllər Təhsil Nazirliyinin taneliyində olan və Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci adlanan bu orta ixtisas təhsil müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu ilin sentyabr ayının 1-dən etibarən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılıb. Əldə etdiyimiz digər bir məlumata görə isə, elə sentyabr ayının 1-dən də bu kollecə Namiq Ağamalıyev direktor təyin olunmuşdur. Kollecdə olan mənbələr vurğulayırlar ki, bu gün sözü gedən təhsil müəssisəsində müşahidə olunan gərginliyin əsas səbəbi də məhz elə bu təyinatla bağlıdır. Bu barədə aldığımız açıqlamada deyilir: “Artıq bir neçə müddət idi ki, kollecin direktor vəzifəsini müavin Arzu Əliyeva icra edirdi. Belə güman etmək olar ki, Arzu xanım bu vəzifəyə təyinat alacağına da böyük ümidlər bəsləyirdi. Lakin Namiq Ağamalıyevin təyinatı onun bu xəyallarının üstündən xətt çəkmiş oldu. Digər tərəfdən də, artıq kollecdə yeni rəhbərlik tərəfindən nəhayət ki, Arzu Əliyevanın indiyədək törətdiyi özbaşınalıqlara son qoyulacağına dair fikirlər səsləndirilməkdədir...”
Məlumat üçün bildirək ki, Azərbaycan Dənizçilik Kolleci zəngin tarixə, özünə məxsus adət-ənənəyə malik olan, qafqaz regionunda yeganə təhsil ocağıdır ki, dənizçilik və balıqçılıq müəssisə və təşkilatları üçün orta ixtisaslı mütəxəssis hazırlayır. Kollec özünün 85 illik fəaliyyəti dövründə minlərlə mütəxəssis yetişdirmişdir. Bu mütəxəssislərə keçmiş SSRİ-nin elə bir dənizçilik və balıqçılıq məkanı yoxdur ki, rast gəlinməsin. Kollecin məzunlarından 5 nəfəri elmlər doktoru, 20 nəfəri isə elmlər namizədidir. Kollecdə mütəxəssis hazırlığı üçün yaxşı maddi-texniki baza, yüksək ixtisaslı, təcrübəli və işgüzar müəllim kollektivi vardır. Kollecin internetə qoşulmuş kompyuter parkı, kompyuterləşdirilmiş linqafon, müasir tipli fizika, kimya, biologiya kabinetləri, ixtisas fənləri üzrə işlək vəziyyətdə olan texniki avadanlıqlarla təmin olunmuş kabinet və laboratoriyaları, dəzgahlarla təmin olunmuş mexaniki emalatxanası və ümumiyyətlə keyfiyyətli təhsil üçün tələb olunan bütün şəraiti vardır.
Lakin bütün bunlara baxmayaraq, son dövrlərdə bu kollecin fəaliyyəti bir sıra neqativ hallarla diqqəti cəlb edir. Bu halların yer almasını isə, mənbələr məhz Arzu Əliyevanın öz işində yol verdiyi ciddi nöqsanlarla əlaqələndirirlər. Açıqlamalarda vurğulanır ki, əvvəllər kollecin keçmiş direktorunun “pulyığanı” funksiyalarını həyata keçirən bu xanım məmur, son vaxtlar müvəqqəti də olsa direktor vəzifəsini icra etməklə, artıq sırf “özünə işləyirdi”. Kollecə Namiq Ağamalıyevin direktor təyin olunması isə, Arzu Əliyevanın gələcəyə dair olan planlarını alt-üst etmiş oldu. Bu gün Azərbaycan Dənizçilik Kollecində müşahidə olunan gərginliyin yüksək həddini vurğulayan bəzi mənbələr hətta iddia edirlər ki, bu təhsil müəssisəsinin gələcək fəaliyyəti, yeni direktorun Arzu Əliyeva ilə bağlı qəbul edəcəyi qərarla birbaşa bağlı ola bilər.
Yazıda adı keçən bütün tərəflərin öz mövqeylərini bildirmək hüququ var.