“26 il dövlətə xidmət etmişəm, indi isə təhqir olunuram” – Veteran hərbçi qadından İDDİA

Dünən, 00:00           
“26 il dövlətə xidmət etmişəm, indi isə təhqir olunuram” – Veteran hərbçi qadından İDDİA
26 il Azərbaycan Ordusunda xidmət etmiş veteran qadın Elnarə Mustafayeva, mülki işçi kimi çalışdığı hərbi hissədə qərəzli münasibətlə üzləşdiyini və heç bir əsas olmadan işdən çıxarıldığını iddia edir.

Belə ki, bu iddialarla bağlı Elnarə Mustafayeva Gununsesi.info-ya müraciət edib.

Onun sözlərinə görə, mülki işçi kimi çalışdığı hərbi hissədə uzun müddət qərəzli münasibətlə qarşılaşıb, təzyiqlərə məruz qalıb və nəticədə heç bir əsas olmadan işdən çıxarılıb.

Elnarə Mustafayevə həmçinin qeyd edir ki, xəstəlik səbəbilə bülletendə olduğu vaxt əmək müqaviləsinə əsassız olaraq xitam verilib.

“2020-ci ildə Polkovnik Lətif Mahmudovun komandiri olduğu N saylı hərbi hissədən – Hərbi Hava Qüvvələrindən istefaya buraxılmışam. Həmin hərbi hissədə əsgər yeməkxanasında xadimə kimi fəaliyyətə başladım və 4 ildən artıq müddət ərzində işlədim. İş zamanı qarşılaşdığım haqsızlıqlar və qanunsuz göstərişlər səbəbilə dəfələrlə rəhbərliyə müraciət etsəm də, tədbir görülməyib, əksinə, mənə qarşı təzyiqlər artıb. Təxminən 2 il ərzində, cəmi-cümlətanı 5 ay qazan təminatı oldu, qalan müddətdə isə ümumiyyətlə təminat yox idi. 3-cü dvizyonun komandiri mayor Şahin Qarayev, bu vəziyyətdə belə dvizyona gələn qonaqlar üçün yemək hazırlanmasını biz qadınların üzərinə qoymuşdu. Ərzaqları da öz vəsaitimizlə alırdıq. Gələn yoxlamalara görə məcbur idik – cibimizdən pul xərcləyib yemək bişirirdik. Etiraz etdikdə isə hədə-qorxu ilə üzləşirdik. Şahin Qarayev elə bir qorxu mühiti yaratmışdı ki, deyirdi, təminat olmasa, ştatlarınızı ləğv etdirərəm, yeməkxananı bağlatdıraram, sizi də öz hesabınıza məzuniyyətə göndərərəm. Bu sözləri birbaşa deməsə də, zampolit vasitəsilə bizə çatdırılırdı. Hətta bizə deyilirdi ki, sizə 25% mükafat düşmür, komandir sizə onsuz da hörmət edir. Qadınlar neyləsin, hamısı 350-400 manat maaş alırdı, qorxurdular ki, birdən işlərini itirərlər. Hər dəfə cibimizdən xərc çəkirdik, ərzaq alırdıq, amma səslərini çıxara bilmirdilər. Arxada deyinirdilər, amma üzə heç nə demirdilər. Hər həftənin birinci günü polkovnik Lətif Mahmudov üçün sifarişlə müxtəlif yeməklər bişirirdik. Hamısı da biz qadınların hesabına olurdu. Xəngəldən tutmuş beçə qızartmasına, xaş, dolma, pizza hər cür yemək hazırlanırdı. Biz alırdıq, biz də bişirirdik, ancaq heç bir təşəkkür belə yox idi,” – deyə E.Mustafayeva bildirir.

E.Mustafayeva iddia edir ki, sağlamlıq durumunun ağır olmasına baxmayaraq, gündəlik olaraq kazarma, ayaqyolu və hamam otaqlarının təmizliyinə məcbur edilib:

“Hərbi xidmət dövründə 4 dəfə cərrahi əməliyyat keçirmişəm və şəkər xəstəsiyəm. Dəfələrlə sağlamlıq problemlərimlə əlaqədar Hərbi Hospitallarda stasionar müalicə almışam. Həmçinin bronxial problemlərim də var. Mərkəzi Hərbi Həkim Komissiyasının rəyinə əsasən, haqqımda sülh dövrü yararsız, müharibə dövrü məhdud yararlı qərarı verilmişdir. Ş.Qarayev əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq, əsgər kazarmasının ayaqyolusu, hamamı, yataqxanasının təmizliyini hər gün biz qadınların üzərinə qoymuşdu. Halbuki bu, bizim vəzifəmiz deyildi. Sağlamlığım yaxşı olmasa da, bir neçə dəfə məcbur qalıb təmizlədim. Sonuncu dəfə ayaqyolusunu təmizləyərkən xlorun iyisi məni başdan vurdu, halım pisləşdi. Səhəri gün Gəncə şəhər xəstəxanasına getdim, rentgen müayinəsindən keçdim və bronxlarımda problem aşkar olundu. Həkim dərman yazdı, xeyli dərman aldım. Eyni zamanda, xəstəxanada burun-boğaz həkiminə də müraciət etdim və o da dərman yazdı, aldım. Amma işə qayıdanda yenə dedilər ki, mayor Şahin Qarayevin göstərişidir, gedin, əsgər yataqxanasının ayaqyolusunu təmizləyin. Açıq dedim ki, xəstəyəm, bronxlarımda problem var, müalicə alıram, təmizləyə bilmərəm. Səhər növbəni təhvil verəndə Qərargah rəisi əvəzi Rəşad Hacıyev irad bildirdi. Mən də etiraz etdim və bu qanunsuz göstərişlərə tabe olmayacağımı açıq şəkildə dedim. Hətta növbədə olanda bizim hesabımıza hər gün göndərilən 10-15 çaynik çaya da etiraz etdim”.

E.Mustafayeva qeyd edir ki, mayor Şahin Qarayevin təzyiqlərinə qarşı çıxandan sonra ona qarşı qarayaxma kampaniyası başlanıb:

“Adımı ağızpozan qoydular və mənə şər atdılar ki, guya digər hərbi qulluqçunu təhqir etmişəm. Halbuki gigiyenik qaydalara əməl etmədiyi üçün yeməkxanadan çıxarmışdım.”

O əlavə edir ki, məlum vəziyyət ilə bağlı komandir Lətif Mahmudova dəfələrlə yazılı və şifahi şəkildə müraciət etsə də, onun şikayətləri araşdırılmayıb:

“Açıq şəkildə şantaj olundum və məni qərəzli şəkildə işdən çıxardılar. Halbuki mən qanunsuz tapşırıqlardan imtina etmişdim. Hərbi Prokurorluq tərəfindən aparılan araşdırmanın da qeyri-obyektiv olması əlavə haqsızlıqlara səbəb olub. Şahidlər əvvəlcədən mayor tərəfindən təlimatlandırılıb. Mənim fikrim isə heç soruşulmadı.”

Qeyd edək ki, E. Mustafayeva üzləşdiyi təzyiqlərlə bağlı ölkə rəhbərliyinə də müraciət edib.

Etdiyi müraciətdə işinə bərpa olunmasını, eyni zamanda üzləşdiyi təzyiqlərin və qanunsuzluqların araşdırılmasını istəyir:

“Bu gün mən polkovnik Lətif Mahmudov tərəfindən tamamilə günahsız şəkildə cəzalandırılıram. Tək səbəb isə mayor Şahin Qarayevin qanunsuz tapşırıqlarını yerinə yetirməməyimdir. Vətənə sədaqətlə xidmət etmiş bir veteran kimi belə münasibətə layiq deyiləm.”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.