Gömrükdə ləngidilən sürücülər Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoraldan kömək gözləyir
22-10-2016, 01:36
Turan Yaman: “Bütün sənədlər qaydasında olduğu halda, gömrükçülər yükü boşaldıb geri qayıtmağımıza imkan vermirlər”
Oktyabrın 19-da Qafqaznews.az saytında “Enerji Gömrük İdarəsində sahibkarları “süründürən” məmur kimdir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda qeyd olunurdu ki, Qafqaz Xəbər Agentliyinə müraciət edən Həmid Soltan oğlu Vəkilov Azərbaycanda altı maşın akkumlyator gətirdiyini, lakin Enerji Gömrük İdarəsi maliyyə şöbəsinin müdiri Rəfael Niftəliyevin ona süni əngəllər törətdiyini bildirib.
“Mən Türkiyədən altı ədəd TIR-a yüklənmiş akkumlyatorlar gətirmişəm. Maşınlar Gürcüstan-Azərbaycan sərhədlərini keçməmişdən, mən idxal bəyannaməsi verməyə çalışdım, lakin mənə günlərlə maneə yaratdılar. İnspektorlar işi bir-birinə ötürə-ötürə, nəhayət ki, idxal bəyannaməmi qəbul etdilər. Artıq maşınlar gəlib, amma neçə gündür ki, mənim malımı ölkəyə buraxmırlar. Bəhanə isə ondan ibarətdir ki, guya, mən bəyannamədə malın qiymətini azaltmışam. Lakin mənim əlimdə sənədlər var və Türkiyədə mal aldığım şirkətin sənədləri ilə bəyannamədəki qiymətlər eynidir. Cənab Prezident özü tapşırıb ki, sahibkarlara şərait yaradılsın və ölkədə biznes inkişaf etsin. Lakin 6 gündür ki, mən səhərdən axşama qədər vaxtımı gömrükdə keçirirəm. Mənə xeyli əsəb yaşadılıb və mal söz verdiyim müştərilər qarşısında da yalançı çıxmışam.
Bir çox müştəri də artıq maldan imtina edib. Hər maşında 48 min manatdan artıq dəyəri olan mal var. Malların çoxu üçün qabaqcadan pul da almışam. Beləliklə, Rəfael Niftəliyev başda olmaqla, DGK məmurları mənim işimi ləngidərək, 30 min manatdan çox ziyana düşməyimə səbəb olublar. Rəfael Niftəliyev mənə deyib ki, əlavə olaraq 13 min manat da rüsum ödəməlisən. Mən mallara görə, 160 min 850 manat gömrük rüsumu da ödəmişəm. Yaxşı, əgər qiymətləri süni surətdə azaltmışdımsa, o rüsum ödənişi niyə araşdırılmadan qəbul olundu? Süründürməçiliyə məruz qalan sahibkar tək mən deyiləm. Neçə gündür görürəm ki, başqa sahibkarlar da incidilir və gömrük onlara stress yaşadırlar. Qeyd edim ki, öyrəndiyimə görə, R. Niftəliyev DGK sədrinin 1-ci müavini Səfər Mehdiyevin bacanağının oğludur.
R.Niftəliyev sahibkarları süründürməsi və incitməsi ilə özünə mənfi reputasiya qazanıb. Hətta başqa sahibkarlardan da eşitdiyimə görə, Rəfael Niftəliyevin diplomu da saxtadır və vaxtilə bu adam gömrük orqanlarından xaric edilmişdi. Lakin o, qohumu Səfər Mehdiyevin gücünə DGK-ya qayıdaraq Enerji Gömrük idarəsinin maliyyə şöbəsinin rəisi vəzifəsinə təyin olunmağına müvəffəq olub və hətta deyilənə görə, bu şəxs heç Enerji Gömrük İdarəsinin rəisini də saymayaraq idarədə at oynadır. Başqa bir məlumata görə, idarə rəisi Vaqif müəllim Ağdaş rayon icra başçısı Tofiq İbrahimovun oğludur. Tofiq İbrahimov Ağdaşdan əvvəl Qəbələ rayonunun icra başçısı olub”, – deyə H.Vəkilov bildirib. Qeyd edək ki, H.Vəkilov oktyabrın 20-də məsələ ilə bağlı Prezident yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Qasım oğlu Nuriyevə müraciət edib.
Qafqaznews.az saytı araşdırma zamanı öyrəndi ki, 6 ədəd TIR Türkiyə vətəndaşları olan sürücülərlə birlikdə günlərdir Enerji Gömrük İdarəsi tərəfindən ləngidilməkdədir. TIR sürücülərindən Turan Yaman Qafqaznews.az-a bildirdi ki, gömrükçülər artıq bir həftəyə yaxındır onların yükü boşaltıb ölkələrinə geri qayıtmasına imkan vermirlər.
“Mən və Salih Saltoğlu TIR-larla birlikdə Bakıda bir depodayıq. Qalan 4 TIR da Binəqədi gömrüyündə saxlanılır. Neçə gündür maşında yatıb-dururuq, nə baş verdiyindən də xəbərsizik. Bütün sənədlər qaydasında olduğu halda, gömrükçülər yükü boşaldıb geri qayıtmağımıza imkan vermirlər. Türkiyənin Azərbaycandakı səfirliyindən bu məsələyə reaksiya verməsini xahiş edirik. Bizim övladlarımız, ailələrimiz var. Neçə gündür naməlum səbəblərdən əziyyət çəkirik”, – deyə T.Yaman qeyd etdi. T.Yamanın sözlərinə ondan başqa 5 sürücü – Salih Saltoğlu, Halil Memiş, Burak Yeşilyurt, Kadir Ayyıldız və Musa Şimşek hazırda gömrükçülərin “insafa gəlməsi”ni gözləyirlər.