`Şəhid ailələrinə verilən pul artırılsın` - Milli Qəhrəmanın xanımı
22-10-2016, 12:40
Milli Məclisin sonuncu iclasında şəhid ailələrinə ödənilən sığorta haqqının məbləğinin 10 dəfə artırılması təklif olunub.
Millət vəkili Aydın Mirzəzadə tərəfindən irəli sürülən təklif deputat həmkarları ilə yanaşı şəhid ailələri tərəfindən də müsbət qiymətləndirilib. Deputat bu məbləğin 10 min manatdan 100 min manatdak artırılmasının vacib olduğunu söyləyib.
Aprel döyüşlərində şəhid olan Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva AzVision.az-a açıqlamasında şəhid ailəsi olaraq bu təklifi dəstəklədiyini bildirib.
“Vətən uğrunda canından keçən insanlar daha üstün tutulmalıdır. İndiki vaxtda sözsüz ki, 11 min manat vəsait azdır. Şəhid ailələri daim diqqətdə saxlanılmalıdır. Hərbçilərimiz tək ailəsi üçün deyil, bütün vətən, torpaq uğrunda şəhid olub. Onların ailəsinə qayğı, diqqət göstərmək lazımdır.
Sözsüz ki, sığorta pulunun miqdarından aslı olmayaraq, bu vəsait övlada şəhid olan atasını geri qaytarmır. Övladlarımız gözümüzün qarşısında olduğu üçün bunu görürük. Onlar ataları üçün darıxır, onun yolunu gözləyirlər”.