Naxçıvan Diaqnostika Mərkəzində MÜƏMMALI 60 MANAT TƏLƏBİ... - Sığortan var, ya yox... FƏRQ ETMİR...

Dünən, 12:52           
 Naxçıvan Diaqnostika Mərkəzində MÜƏMMALI 60 MANAT TƏLƏBİ... - Sığortan var, ya yox... FƏRQ ETMİR...
Naxçıvan Diaqnostika Mərkəzində tətbiq edilən yeni qaydalar həm dövlət büdcəsinə, həm də pasiyentlərə ciddi ziyan vurur. Mərkəz əməkdaşları, müayinədən keçmək istəyən sakinlərə sığorta xidmətlərinin artıq mövcud olmadığını bəhanə gətirərək onlardan 60 manat ödəniş alırlar.
Bu yolla həm sığortadan, həm də pasiyentlərdən pul toplayan mərkəz, tələb etdiyi 60 manatın qarşılığında heç bir qəbz təqdim etmir. Bu isə, pasiyentlərdə dövlət büdcəsindən qanunsuz olaraq əlavə vəsaitin silinməsi şübhəsi yaradır.
MRT müayinəsindən keçmək üçün Naxçıvan Diaqnostika Mərkəzinə müraciət edən Nihad Cabbarov, 60 manat ödədikdən sonra ödənişin qeydiyyatını ala bilmədiyini bildirir:
“Əvvəllər burada sığorta ilə müayinə olunurdum, amma bu dəfə dedilər ki, artıq sığorta yoxdur, ödənişlidir. 60 manat ödədim, amma qəbz almadım. Mübahisə edəndə, sadəcə dedilər ki, ya ödəyin, ya da pulu geri qaytaracağıq. Məcbur qalıb susdum və müayinədən keçdim.”
Cabbarov, bir neçə gün sonra mərkəzdə işləyən qohumunun ona müayinə prosesinin həqiqətən pulsuz olduğunu, amma mərkəzin sakinlərdən qanunsuz olaraq əlavə pul yığdığını söylədiyini qeyd edib.
Onun fikrincə bu, sistematik şəkildə sakinlərdən əlavə ödəniş alındığını və bu pulların nə sığorta sisteminə daxil edilmədiyini, nə də pasiyentlərə heç bir xidmət qarşılığında verilmədiyini göstərir.
Mərkəzin adını çəkmək istəməyən bir əməkdaşı da bu iddiaları təsdiqləyib:
“İş saatımızı artırıb, maaşlarımızı azaldıblar. İndi isə insanları qanunsuz yolla soymaqla məşğul olurlar. Hər gün yüzlərlə pasiyent müayinəyə gəlir, amma əslində müayinə pulsuz olmalıdır. Sığorta pulunu ödəyir, amma bu insanlar həm sığorta pulunu yığır, həm də özlərindən əlavə 60-100 manat alırlar. Bu vəziyyət səhiyyə naziri dəyişəndən sonra daha da pisləşdi. Artıq vəziyyətin necə olduğunu açıq şəkildə görürük. İctimai etiraz edənlər isə tezliklə işdən çıxarılır.”

"Gündəlik Naxçıvan"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.