Manatla bağlı acınacaqlı vəziyyət – Bahalaşma qapıda...
Dünən, 17:49

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. 2025-ci il aprelin 18-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi 0,0447 manata, Rusiyanın 100 rublu 2,0703 manata, avro isə 1,9328 manatadək bahalaşıb. Bu artım Azərbaycanda ticarət mübadiləsinin aparıldığı ölkələrdən gətirilən bir çox məhsulun qiymətinə təsir göstərə bilər. Həmin valyutaların bahalaşması, xüsusən də Avropa, Rusiya və Türkiyə ilə ticarət edən şirkətlər üçün iqtisadi əhəmiyyət kəsb edir. Hazırkı vəziyyət, əsasən həmin ölkələrdən idxal edilən malların qiymət artımına səbəb olacaq.
Yenisabah.az məsələni iqtisadçılarla müzakirə edib.
İqtisadçı ekspert Fuad İbrahimli saytımıza açıqlamasında dünya birjalarında baş verən prosesi belə şərh edib:
“Azərbaycan manatı iki ardıcıl devalvasiyadan sonra fiks olaraq 1,70 məzənnəsində qalıb. Biz qismən üzən məzənnədə olduğumuz üçün belə bir vəziyyət yaranıb ki, dollara nisbətdə 1.70 kursunu saxlamışıq. Ancaq digər valyutalarla dollar arasında olan dəyişikliklər Azərbaycan manatına təsir edir. Məsələn, uzun müddət Azərbaycan manatı avroya nisbətdə möhkəmlənirdi. Bunun səbəbi dolların avroya qarşı möhkəmlənməsi idi. Biz də dollar kursunda olduğumuz üçün manat öz gücünü avroya qarşı qoruyub saxlayırdı. İndi isə dollar bir çox valyuta cütlükləri ilə müqayisədə ucuzlaşır. Belə olduğu təqdirdə manat da dəyər itirir.
Düşünmürəm ki, bu proses davamlı olsun, müəyyən bir diapazonda dayanması gözlənilir. Bundan artıq dolların dəyərdən düşməsi davam etməyəcək. Bu nöqteyi-nəzərdən avro-zonadan, Türkiyə və Rusiyadan idxal edilən məhsullara qiymət təsirləri olacaq. Manat onlara qarşı dəyərdən düşdüyünə görə, o fərq sözügedən məhsulların üzərində əks ediləcək”.
Ekspert Xalid Kərimli vurğulayıb ki, alış və satış dəyərində müəyyən fərqlər nəzərə çarpacaq:
“Dollar ucuzlaşdığına görə biz bunu manatda da müşahidə edəcəyik. Rubl Rusiyadan idxal edilən məhsullarda istifadə olunur. Həmin ölkədən müxtəlif məhsullar gətirilir ki, bu sıraya ərzaq, qeyri-ərzaq, materiallar, qida məhsulları da daxildir. Onların hamısının maya dəyəri artacaq. Qiymətləri necə artacağını demək çətindir. Çünki digər ölkədən gətirilən mallar və rəqabət faktoru da var. Kompleks olduğu üçün alış dəyərinin artmasının dərhal qiymətə təsirini demək mümkün deyil. Amma istənilən halda avro-zonadan gələn məhsulların hamısının alış qiyməti bahalaşacaq. Satış qiymətinə təsir edib-etməyəcəyi isə prosesin müddətindən asılıdır”.