“Azərbaycan kənd təsərrüfatı məhsulları Avropa standartına cavab vermir" - Ekspert

Bu gün, 10:38           
“Azərbaycan kənd təsərrüfatı məhsulları Avropa standartına cavab vermir" - Ekspert
Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, xüsusilə də kənd təsərrüfatının da inkişafında müəyyən mərhələlərə yol açıb. Kənd təsərrüfatının ölkənin daxili bazarını təmin etməklə yanaşı, xarici bazara da çıxış potensialı yüksək qiymətləndirilir. Buna səbəb iqlim və torpaq xüsusiyyətləri geniş, məhsul çeşidliliyi və mövsümi üstünlüklərinin olmasıdır. Bütün bu imkanların fonunda Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını artırmaq üçün hansı bazarlara yönəlməli və bu istiqamətdə hansı işlər görülməlidir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, bunun üçün ilk olaraq ölkədə kənd təsərrüfatını inkişaf etdirməli, məhsul bolluğuna nail olunmalıdır: “Azərbaycanda kənd təsərrüfatı mənşəli ərzaq məhsullarına olan yerli tələbatın 50 faizindən çoxu bu gün idxal hesabına qarşılanır. Belə bir şəraitdə kənd təsərrüfatı məhsullarının ixracı barədə düşünmək absurddur. Amma ola bilər ki, kənd təsrrüfatında ayrı-ayrı sahələr inkişaf edir. Məsələn, yay aylarında çıxan bostan tərəvəz bitkilərinin istehsalı digər kənd təsərrüfatı məhsullarına nisbətən çoxdur. Belə olan halda digər məhsulların yetişdirilməsinə diqqət etməli, orqanik məhsullar yetişdirməyə nail olmalıyıq. Fermerlərlə maarifləndirici işlər görməliyik”.

Məhsullarımızın avropa bazarına çıxması üçün…

Ekspert deyir ki, hazırda Avropa bazarlarında məhsulların keyfiyyəti ilə bağlı tələblər var: “Azərbaycan pomidorunu Rusiya bazarı qəbul etməyəndə biz başqa bazar axtarmırıq. Əvvəllər Avropa bazarları alternativ bazarlar idi. Ancaq indi həmin bazarlarda bu məhsullara yüksək keyfiyyət tələbatı var. Lakin hazırda Azərbaycanda istehsal edilən məhsulların o standartlara cavab verməsi müşkül məsələdir. Buna baxmayaraq, bu bazarlara çıxmaq istəyiriksə, aqrotexniki qaydalara əməl etmək çətin deyil. Məhsulun tərkibində nitratı lazımi səviyyədə saxlayıb, orqanik gübrələrlə qidalandırmaq lazımdır ki, həmin məhsullar dünya standartlarına uyğun gəlsin”.

“Yüksək məhsuldarlıq” insan sağlamlığına ziyandır

Akif Nəsirli əlavə edib ki, bu bitkilərə vurulan gübrələr insan orqanizmi üçün də ziyanlıdır: “Azərbaycanda meyvə və tərəvəzləri azotla şişirdib “yüksək məhsuldarlığa nail olmaq” çox populyarlaşıb. Məsələn, hazırda istixanalarda yetişdirlən xiyarın ikisini bir adam dalbadal yeyə bilməz. Çünki tərkibində azot çox olduğuna görə həzm sistemini pozar. Yay vaxtı yemişə, qarpıza o qədər azot vururlar ki, tez-tez zəhərlənmələr olur. Hətta zəhərlənmələr olmasa da belə qarpızı yeyəndə narahatlıq halları bir çox adamda olur. Buna səbəb qarpızın tərkibində azotun miqdarının normadan 2 dəfədən çox olmasıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.