Naxçıvanda dövlət tenderlərini kimlər udur? - TƏFƏRRÜAT
Bu gün, 17:16

Naxçıvanda 2025-ci ilin əvvəlindən günümüzədən keçirilmiş dövlət tenderləri bu sahədə müəyyən şirkətlərin ciddi üstünlük əldə etdiyini göstərir. Sözügedən dövrdə 25 tenderə yekun vurulub. Tender qalibləri arasında bəzi adlar təkrar-təkrar qarşımıza çıxır.
FED.az xəbər verir ki, ən çox diqqət çəkən şirkət “Azəri Med” QSC-dir. Şirkət əsasən tibb sahəsində keçirilən tenderlərdə iştirak edib və ard-arda böyük layihələrin qalibi olub. “Azəri Med” ümumilikdə dörd tender udub və bu tenderlərin ümumi məbləği 3 milyon 328 min 966 manat təşkil edir. Başqa sözlə desək tenderlərə sərf olunan vəsaitin təxminən üçdə biri adı çəkilən şirkətin hesabına köçüb.
Qaz sektoru üzrə fəaliyyət göstərən “Fc Group” MMC də diqqətçəkici fəaliyyət göstərib. Şirkət iki tenderin qalibi olaraq ümumilikdə 1 milyon 185 min manat məbləğində müqavilə əldə edib. Bu tenderlər əsasən qaz tikinti materialları və ehtiyat hissələrinin alınması ilə bağlıdır.
FED.az xəbər verir ki, texnologiya və avadanlıq sahəsində “Beetech” MMC-nin adı iki tenderin qalibi kimi keçir. Onların ümumi dəyəri 1 milyon 73 min manatdan çoxdur. Bu tenderlər həm tibb müəssisələrinə şəbəkə avadanlıqlarının alınması, həm də mədəniyyət müəssisələrinə musiqi alətləri ilə bağlıdır.
Bütün tenderləri nəzərdən keçirdikdə ümumi rəqəm 11 milyon 79 min 407 manat təşkil edir. Bu məbləğin böyük hissəsi sadəcə bir neçə şirkət arasında bölüşdürülüb.