İtlərin oylağına çevrilən "Bizim Ət" mağazası kimindir?
26-10-2016, 11:09
Oktyabrın 25-də “İnteraz” səhifəsinin paylaşdığı bir şəkil sosial şəbəkə istifadəçilərinin müzakirəsinə səbəb oldu.
Belə ki, fotoşəkildə “Yeni Yasamal”da, “Qismət” Şadlıq Sarayı yaxınlığında yerləşən “Bizim ət” mağazasının qarşısından asılmış cəmdəyin it tərəfindən necə dartışdırıldığı canlanıb.
Sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olan bu şəkildən görünür ki, heç bir istehlakçı belə xoşagəlməz hallardan sığortalanmayıb: çünki o ət küçə itləri tərəfindən didişdirildikdən sonra, vətəndaşlara satıla bilər.
Vətəndaşlar da təəccüblə soruşurlar ki, görəsən, aidiyyatı olan qurumlar hara baxırlar?
365info.az saytı araşdırma zamanı öyrəndi ki, sözügedən mağazanın sahibi əslən Laçın rayonundan olan Şahsuvar Şahsuvarov adlı şəxsdir.
Bu şəxs artıq neçə ildir həmin ərazidə mağaza işlədir və hətta müxtəlif mağazalara da ət paylanması ilə məşğul olur.
Bu qədər “ticarət təcrübəsi” olan şəxsin öz mağazasında antisanitariya-şəraiti yaratması isə suallar doğurur.
365info.az olaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.