Xətai RİH uçquna görə məsuliyyəti Bakı meriyasının üstünə atır?

28-10-2016, 01:16           

Xətai RİH-n şöbə müdiri: “Bu qədər yağışın qabağında Bakı sürüşməyibsə, böyük şeydir”

Oktyabrın 22-də Qafqaz Xəbər Agentliyinin rusdilli Kavkaznews.az saytında “Təhsil Nazirliyinə heç nə məlum deyil” (Минобразованию ничего не известно) başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda Xətai rayonu 48 saylı orta məktəbin həyətindəki istinad divarının uçqunu barədə məlumat verilir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib ki, son günlər yağan yağışların nəticəsində 48 saylı orta məktəbin ərzisində idman meydançasının kənarında 25 metr uzunluğunda, 4 metr hündürlüyündə istinad divarı uçub (APA).

48 saylı məktəbin müdiri Şahismayıl Rüstəmov Kavkaznews.az-a bildirib ki, məktəbin istinad divarındakı uçquna səbəb yağışlar olub. “Bunu ETSN nümayəndələri də təsdiqlədilər. Dağılan divarı Bakı Şəhər İcra Hakimiyyəti bərpa edəcək. Hadisə gecə baş verib və uşaqlar üçün heç bir təhlükə yaranmayıb”, – deyə direktor bildirdi.
“Amma hadisə gündüz də baş verə bilərdi”, – deyə əməkdaşımız qeyd etdi. “Məktəbin uçqun baş verən hissəsində, demək olar ki, adam olmur”, – deyə Ş.Rüstəmov cavab verdi. Ş.Rüstəmov təmir-bərpa işləriylə Bakı ŞİH-in məşğul olacağını desə də, meriyanın mətbuat katibi Kavkaznews.az-a bu barədə məlumatlı olmadığını deyib. Qeyd edək ki, Rafiq Həsənov Az-a açıqlamasında 48 saylı məktəbin sürüşmə zonasında olduğunu bildirib, lakin Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə bundan xəbərsiz olduğunu deyib (Kavkaznews.az).

Oktyabrın 27-də biz öyrənməyə çalışdıq, görəsən, bu məktəbin həyətində baş vermiş hadisəylə bağlı hansı tədbir görülüb və nə kimi işlər aparılacaq. Xətai RİH-in ictimai-siyasi şöbəsinin müdiri Pənah İmanov Qavqaznews.az-a bildirib ki, hadisə baş verdiyi gün, bir neçə saat ərzində ərazi təmizlənilib və hadisə yerinə mütəxəssislər gələrək, vəziyyəti dəyərləndiriblər. Onun sözlərinə görə, Xətai RİH uçquna uğramış istinad divarını bərpası üçün lazımi tədbirlər görəcək.
“Havalar düzələndən sonra təmir-bərpa işləri davam edəcək. Biz öz üzərimizə düşən işləri gördük. İki məktəbin arasında olan istinad divarıdır. Bu qədər yağışın qabağında Bakı sürüşməyibsə, böyük şeydir”, – deyə P.İmanov bildirdi. “Həmin istinad divarı son dəfə iki il əvvəl təmir olunduğunu öyrənmişik. Bu məlumat doğrudur?” “Vallah, elə sual verisiniz ki (həmsöhbətimiz güldü)…

Məndə dəqiq məlumat yoxdur. O işləri Bakı Şəhər Hakimiyyəti aparıb. Onlardan soruşa bilərsiniz”, – deyə P.İmanov təklif etdi. “Amma bundan sonra sizin bərpa edəcəyiniz istinad divarı tamamilə sağlam olacaq?”, – deyə soruşduq. “Onu deyə bilmərəm. Havalar düzəlsin, yağışlar dayansın, divar bərpa olunacaq”, – deyə P.İmanov yenidən gülərək cavab verdi.

Biz öyrənmək istədik, əgər həmin məktəbin həyətindəki inşaat-təmir işləri Bakı ŞİH-in nəzarətində olubsa, uçquna görə kim məsuliyyət daşıyır? Lakin təəssüf ki, Bakı ŞİH-in mətbuat katibi Nailə Məmmədova zənglərimizə cavab vermək istəmədi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.