Azərbaycanda uşaq əməyini istismar edən şirkət - “Azersun” məktəbli şagirdləri günəmuzd işlədir
28-10-2016, 11:05
İmişlinin Aranlı kəndindəki orta məktəblərdə oxuyan yuxarı sinif şagirdlərinin bəziləri yeni dərs ilində hələ də məktəbə getməyiblər. Onlar “Azersun holding”in Biləsuvardakı “Natural Green Land” kənd təsərrüfatı kompleksindəki bağlarda nar yığırlar. Bu barədə Sputnik-in bölgə müxbirinə yerli mənbə məlumat verib.
“Günəmuzdla işləyən şagirdlərimizin çoxunu məktəbə qaytara bilmişik”. Aranlı kəndindəki 2 saylı tam orta məktəb Bəzi şagirdlərin təhsildən yayınaraq günəmuzd qaydada işləməsi faktını Aranlı kəndindəki 2 saylı tam orta məktəbin direktoru Malik Qəhrəmanlı da təsdiqləyir: “Dərs buraxanlar var, amma bu, kütləvi hal almayıb. Günəmuzdla işləyənlər, əsasən kasıb ailədən olan uşaqlardır”. “Biz ardıcıl bir neçə gün dərs buraxan şagirdlərlə maraqlanırıq, valideynlərinə məsuliyyətini izah edirik. Elə bunun nəticəsidir ki, onların çoxunu məktəbə qaytara bilmişik”, — direktor bildirib. O, məktəb yaşlı uşaqların işə götürülməsi ilə bağlı sözügedən kənd təsərrüfatı kompleksində olduğunu da əlavə edib: “Əvvəllər şəxsən özüm həmin müəssisəyə gedib rəhbərliklə danışmışam. Mənə verilən cavab bu olub ki, tarla və bağlardakı işlər podratçı təşkilata həvalə edilib, işə qəbulu da onlar aparır. Bəzi uşaqlar boy-buxunlu olur və onların məktəb yaşlı olduqları bilinmir”. İmişlinin Aranlı kəndindəki orta məktəblərdə oxuyan yuxarı sinif şagirdlərinin bəziləri yeni dərs ilində hələ də məktəbə getməyiblər “Uşaq işləyərək özünə paltar və ləvazimat pulu qazanıblar” “Mən şəkər xəstəliyindən əziyyət çəkirəm. Ailə böyükdür, çatdıra bilmirəm. Uşaq bu işə öz istəyilə gedib, onu məcbur etməmişəm. Mənə məktəbdən deyiləndən sonra oğlumdan tələb etdim ki, işdən çıxsın”, — 9-cu sinif şagirdi olan Mürsəlin atası Qismət Şirinov belə deyir. Valideynin sözlərinə görə, dərs ilinə hazırlıqsız olublar: “Dərs başlayanda uşağa nə paltar ala bilmişdik, nə də məktəb ləvazimatları. Bunlar olmadan onu məktəbə necə yola salaydım? Orada gedib günü 7 manata fəhləlik edirdi. Pulunu da çox gecikdirdilər. İndi bazara gedirəm ki, geyim, dəftər-qələm alım”. “Uşaq əməyinin istismarı qadağandır” Məktəb yaşlı uşaqlar işə qəbul edilə, onlara böyüklərə münasibətdə olduğu kimi eyni həcmdə iş gördürülə bilərmi? Bu sualla müraciət etdiyimiz hüquqşünas Vazeh Zahidov bildirir ki, ölkə qanunvericiliyi uşaq əməyinin istismarını qadağan edir. “İndi öyrənmək lazımdır ki, bu uşaqlarla əmək münasibəti necə qurulub. Onlar kim tərəfindən, hansı şərtlərlə işə götürülüb. Müqavilə bağlanılmadan işlədilirsə, bunun özü istismar faktıdır”, — hüquqşünas deyib. O, qeyd edib ki, Əmək Məcəlləsinə görə, 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər: “Amma bu, uşağın icbari ümumi orta təhsildən yayındılması hesabına olmamalıdır”.
Qeyd edək ki, “Azərsun”un bu addımı Azərbaycan qanunlarına və beynəlxalq konvensiyalara tam ziddir və Gunxeber.com-a daxil olan məlumata görə, bu məsələ ilə bağlı şirkətə qarşı ölçü götürüləcək. Bu məsələ artıq ciddi rezonans doğurub və ictimaiyyət “Azərsun”un bu addımını qınayaraq müvafiq qurumlardan tədbirlər görülməsini tələb edir.