Əli Qurbanov: “Pirallahı” yatağında suvurma sistemi qurulacaq”
4-06-2025, 15:44

“Pirallahı” yatağında suvurma sisteminin qurulması ilə əlaqədar ilkin addımlar atılır.
İndex.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Hasilat və Əməliyyatlar – innovasiya və dayanıqlıq ilə səmərəliliyin artırılması” panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, təhlükəsizliyi daha da təkmilləşdirmək, əməliyyatlar zamanı risklərin idarə olunmasını gücləndirmək, yeni texnologiyaların istifadəsini genişləndirmək qarşımızda duran əsas hədəflər sırasındadır: “Fəaliyyət strategiyamıza uyğun istismar üsullarının optimallaşdırılması prioritetlər sırasındadır. Belə ki, istismar üsullarının optimallaşdırılması hesabına hasilatın dayanıqlılığının təmini və artırılması hədəflənib. Quyularda istismar üsüllarının dəyişdirilməsi ilə bağlı mühüm layihələr icra edilir. 2024-cü ildə 46 quyuda üsul dəyişikliyi icra edilib, orta gündəlik səmərə 15-20 % artıb. Quyuların təmirlərarası müddəti 90 gündən 365 günə kimi uzanıb. Bu da mexaniki üsulla işləyən quyunun davamlı istismarının il ərzində 60 günə qədər uzanması ilə nəticələnib”.
O qeyd edib ki, 2025-ci ildə 226 quyuda istismar üsullarının dəyişdirilməsi nəzərdə tutulur: “Əldə olunması gözlənilən nəticə isə illik 50 min tona yaxın neft hasilatı ilə ölçülür.
Hasilatın stabilləşdirilməsi istiqamətində həyata keçirilən əsas layihələr sırasında suvurmanın tətbiqi və təkmilləşdirilməsi mühüm yer tutur. Ötən 1 il ərzində müasir suvurma üsullarının tətbiqi ilə bağlı əhəmiyyətli layihələr icra edilib və gələcəkdə bu istiqamətdəki layihələrin daha da genişləndirilməsi qarşıya hədəf qoyulub. Hasilatın stabilləşdirilməsi istiqamətində mühüm hesab edilən suvurma prosesinin “Günəşli” və “Neft Daşları” ilə yanaşı, digər yataqlarda da tətbiq edilməsi vacib sayılır, bununla bağlı planlama aparılır. Artıq “Pirallahı” yatağında suvurma sisteminin qurulması ilə əlaqədar ilkin addımlar atılır. “Qərbi Abşeron”, “Lökbatan” və s. yataqlar da mühüm layihələrin icrası planlaşdırılır”.