MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO

Dünən, 08:34           
MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
Füzuli sakini İlqar Ramizoğlu yeni köçdüyü mənzilin şəraitindən narazıdır.

TEREF xəbər verir ki, “Unikal”a müraciət edən sakin MİDA tərəfindən inşa edilən mənzilin yağışlı havada damdığını, divarlarında suvağın töküldüyünü bildirib. İ.Ramizoğlu Füzuli şəhəri, 32-ci bina, 721-ci mənzildə bir ildir yaşadığını və az qala, hər ay bu problemlə üzləşdiklərini deyir:

“Bir ildir bu evə köçmüşük. Əziyyət çəkirik. Rəsmi olaraq Füzuli nümayəndəliyinə müraciət etmişik. Nümayəndəlikdən adam göndərilir, baxırlar, düzəldirlər, amma sonra yenə eyni şey olur. Ustalar bir ildir gəlib düzəldirlər yenə həmin vəziyyətdir. Aprel ayından bu əziyyəti çəkirik”.

Sakinin sözlərinə görə, analoji problem binadakı digər mənzillərdə də var:

“Yan qonşumda da bu problem yaşanır. Sadəcə olaraq, bu hal mənim mənzilimdə bütün otaqlarda var. Yağış yağan kimi ev damır. İki gündür yağış yağır, mebellər – divan-kreslo hamısı sudur. Bu yaşamaq deyil. Çox əziyyət çəkirik. Altımərtəbəli binanın 5-ci mərtəbəsindəyik. Üst qonşunun balkonundan da su tökülür. Gəlib düzəldirlər heç nə yoxdur. Hazırda istəyirəm ki, evim dəyişdirilsin, bu, düzələn bir iş deyil. Köçdüyümüz aprel ayından bu əziyyəti çəkirik. Təzə bina olmasına baxmayaraq, tövlə vəziyyətində yaşayırıq. Biz apreldə köçəndə yağış yağmadığına görə, bu problemi bilmirdik. İstəyirəm bu məsələyə səhlənkar yanaşılmasın”.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.