İlham Əliyev irad bildirdi, nazir cavab verdi: “O torpaqları məmurlara biz verməmişik”

1-11-2016, 14:17           
İlham Əliyev irad bildirdi, nazir cavab verdi: “O torpaqları məmurlara biz verməmişik”
Bu gün "Kənd təsərrüfatı işçiləri" günü münasibəti ilə tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov təyinatı üzrə istifadə edilməyən torpaqlardan danışıb.

O, jurnalistlərə açıqlamasında bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış mexanizm əsasında Vergi Məcəlləsinə dəyişikliklər edilib:

"O dəyişikliklərə əsasən, istifadə olunmayan torpaqlara görə vergi ödəniləcək. Hətta onun şkalası da müəyyən olunub. İndi isə hansı torpaqların istifadə olunmamasının meyarları müəyyən ediləcək.

Qanun layihəsini hazırlamışıq, Nazirlər Kabinetinə təqdim olunub. Layihədə hansı torpaqların təyinatı üzrə istifadə edilməyən torpaqlar hesab olunması öz əksini tapıb. Kriteriyalar müəyyən olunduqdan sonra təyinatı üzrə istifadə olunmayan torpaqlardan ona uyğun vergi alınacaq”.

Heydər Əsədov istifadə edilməyən torpaqların sahibləri arasında məmurların da adlarının olduğu barədə Prezident İlham Əliyevin iradlarını belə şərh edib:

"Ola bilsin ki, həmin torpaqları başqa orqanlar verib. O torpaqlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilməyib. Biz sadəcə istifadə olunmayan torpaqların mövcudluğu haqqında arayış vermişdik. Ona uyğun olaraq da dəyişikliklər oldu”.

Heydər Əsədov qeyd edib ki, hazırda monitorinqlərin nəticələri ümumiləşdirilir:

"Monitorinqlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən, həmçinin bizim tərəfimizdən aparılıb. Bundan başqa hər bir rayonda yeni yaranan kənd təsərrüfatı sahələri həmin rəqəmləri hər bir rayon üzrə yoxlayıb təsdiq edəcək. Bundan sonra yekun rəqəm söyləmək mümkün olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.