Azərbaycana gətirilən meyvələrin içində “Aralıq dənizi milçəyi” varmı?
2-11-2016, 22:21
Türkiyədən gətirilən naringi sağlamlığa ziyanlı olduğu üçün Ukrayna məhsulu ölkəyə buraxmayıb. Səbəb kimi isə naringidə “Aralıq dənizi milçəyi”nin aşkar olunması göstərilib. teref.az Gununsesi-nə istinadən xəbər verir ki, hazırda Türkiyədən Azərbaycana da naringi idxal olunur ki, bu səbəbdən sözügedən zərərvericinin ölkəmizdə geniş yayılması ehtimalı da artır.
Məhz, bu faktın ictimaiyyət üçün maraq doğuracağını nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə (DFNX) sorğu ilə müraciət etdik.
DFNX-nin mətbuat xidməti Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirib ki, Dövlət Xidməti tərəfindən Azərbaycana idxal edilən bütün kənd təsərrüfatı məhsulları üzərində müvafiq laboratoriya müayinələri aparılır və məhsullar beynəlxalq tələblərə cavab verdiyi təqdirdə, ölkə ərazisində idxalına icazə verilir: “2016-cı ilin 9 ayı ərzində Türkiyə Respublikasından ölkəmizə 2086 ton naringi idxal olunub. DFNX-nin laboratoriyalarında aparılan müayinələr zamanı bu məhsulda heç bir zərərvericiyə və ya xəstəliyə rast gəlinməyib. Buna görə də, topdansatış və parakəndə satış məntəqələrində məhsulun satışına icazə verilib. Eyni zamanda, ölkənin bütün satış məntəqələrində Dövlət Xidmətinin müfəttişləri tərəfindən mütamadi monitorinqlər həyata keçirilir. Əgər monitorinqlər zamanı hər hansı bir məhsulun keyfiyyətində problem olarsa, yaxud məhsulda hər hansı bir zərəvericiyə rast gəlinərsə, dərhal məhsulun satışının qarşısı alınır və məhv edilir.
Qeyd edək ki, “Aralıq dənizi meyvə milçəyi” insan sağlamlığı üçün heç bir təhlükə daşımır. Lakin subtropik bitkilərin karantin tətbiq edilən zərərli orqanizmi olduğu üçün bir çox dövlətlərdə, eyni zamanda Azərbaycan Respublikasında, Rusiya Federasiyasında və Ukrayna Respublikasında karantin tətbiq edilən zərərvericilər siyahısına salınıb. Ukrayna Ərzaq Təhlükəsizliyi və İstehlakçıları Qoruma Xidmətinin naringi məhsulunun idxalına qadağa qoymasının əsl səbəbi, ölkənin fitosanitar vəziyyətini qorumaq və zərərvericinin ölkəyə yayılmasının qarşısını almaqdır”.