Mərkəzi Bankın ehtiyatları nə qədər dözə bilər?
2-11-2016, 23:22
Ekspertlərə görə, Neft Fondu və Mərkəzi Bankın valyuta resursları azalmaqda davam edəcək
Ötən ay Mərkəzi Bankın valyuta ehtiyatı 127,2 milyon dollar və ya 3% azalaraq 4 milyard 5 milyon 500 min dollara düşüb. Bununla da ehtiyatın həcmi 8 il 9 ayda ən aşağı həddə çatıb.Sonuncu dəfə 2008-ci il yanvarın 30-u tarixinə valyuta ehtiyatı 3 milyard 928,5 milyon dollar olub. Bankın valyuta ehtiyatının rekord səviyyəsi isə 31 iyul 2014-cü ildə qeydə alınıb. Həmin vaxt Mərkəzi Bank 15 milyard 193.4 milyon dollarlıq ehtiyata malik olub. 2014-cü ilin payızından başlayaraq dünya bazarlarında neftin ucuzlaşması fonunda manatı qorumaq siyasəti Mərkəzi Bank ehtiyatlarını 11,2 milyard dollar “əridib”.
Nemət Əliyev: «Real islahatlar olmazsa, ehtiyatların azalmasının qarşısını almaq mümkün deyil»
İqtisadçı Nemət Əliyevin fikrincə, rəsmi valyuta ehtiyatlarının azalması prosesi bundan sonra da davam edəcək. Bu prosesin həmin vəsaitlərin tükənməsinə qədər davam edəcəyini deyən N.Əliyev vurğuladı ki, Neft Fondunun Mərkəzi Bankla hərraclarda birgə iştirak etməsi MB-nin ehtiyatlarının əriməsi sürətini bir qədər azaldıb. Amma hər bir halda görsənən budur ki, MB hökumətlə birgə manatın dəyərdən düşməsinin qarşısını almaqda çox acizdirlər: «Bir tərəfdən daxili bazarda istehlak ehtiyaclarının ödənilməsi üçün xarici valyutaya tələbat çox böyükdür. Digər tərəfdən isə ölkəyə valyuta axını kəskin şəkildə azalıb. Hökumət nə idxalı əvəl edəcək yerli məhsulların istehsalını təşkil edə bilmir, nə də ölkəyə valyuta axınını sürətləndirmək üçün ixrac yönümlü fəaliyyətə təkan verə bilmir. Bu iki istiqamətdə işin qurula bilməməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının kəskin şəkildə azalmasına səbəb olacaq. 2015-ci ilin əvvəlində proseslərə bu cür seyirçi mövqedən yanaşmaq yanlışdır. Çünki ölkənin həm ehtiyatları azalır, həm manatın dəyərdən düşməsi hesabına daxili bazarlarda sabitlik pozulur. Əhalinin gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasının fonunda həyat səviyyəsi pisləşir».
N.Əliyevin fikrincə, hökumət real nəticəsi olan islahatlar həyata keçirməlidir. Bu addımlar istər ölkənin idarə edilməsi sahəsində, istərsə də yeni iqtisadi strukturların dövriyyəyə buraxılması istiqamətində olmalıdır. «Çox şaxəli, kompleks şəkildə islahatlar həyata keçirilməlidir. Korrupsiyaya, rüşvətxorluğa, haqsız rəqabətə qarşı real mübarizə aparılmalıdır. Əks halda ölkənin ehtiyatlarını azaldan prosesin qarşısını almaq çox çətin olacaq», deyə N.Əliyev vurğuladı.
Samir Əliyev: «Manatın ucuzlaşması prosesi davam edəcək»
İqtisadçı ekspert Samir Əliyev yaranmış vəziyyəti «ehtiyatların qırmızı həddə yaxınlaşması» sayır. Onun fikrincə, bu vəziyyət Mərkəzi Bankın manevr imkanlarını azaldır: «Mərkəzi Bank bu həddi keçmək niyyətində deyil. Ona görə də zəruri ehtiyac olmadan valyuta hərracında iştirak etməyə maraq göstərməyəcək». Başqa sözlə, Mərkəzi Bank dollar satmağı faktiki olaraq dayandıracaq.
Manatın son hərraclarda ucuzlaşması isə tələbin yenə təklifi üstələməsini göstərir. Ölkədədolların digər mənbəyi – Dövlət Neft Fondudur. Amma ekspertin sözlərinə görə, ilin sonunadək qalan müddətdə fondun da neft satmaq imkanları çox olmayacaq: «İl sona yetir, Neft Fondu öz öhdəliklərini əsasən yerinə yetirib. Fond yola saldığımız 10 ay ərzində bazarda təxminən 6,5-7 milyard manat ekvivalentində dollar satıb. Fondun büdcə öhdəliyi isə 7,6 milyard manatdır. Digər xərcləri də nəzərə alsaq Fond ilin sonuna ən yaxşı halda 1-1,5 milyard manat ekvivalentində dollar sata biləcək. Bu isə aylıq 400-450 milyon dollar edir».
S.Əliyev bildirir ki, Mərkəzi Bank isə ehtiyatlarını qorumağa çalışacaq və kritik hal yaranarsabazara uzağı 100-200 milyon dollar çıxaracaq: «Bununla da hərracda tələb yenə də üstünlüyünüqoruyub saxlayacaq. Deməli, ilin sonuna kimi manatın ucuzlaşması prosesi davam edəcək».